AZ

BAKININ MƏRKƏZİNDƏ DAHA BİR NEÇƏ TARİXİ BİNA İŞBAZLARIN TAMAHINA QURBAN GEDİR

102 şikayətçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etdi…

Surəti Baş Nazir cənab Əli Əsədova, Azərbaycan Dövlət  Şəhərsalma və Arxitektura Komitəsinin Anar Quliyevə, eləcə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya, Memarlar İttifaqı Rəyasət Heyətinin sədri E.Qasımzadəyə və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciəti təqdim edirik:

-Çox hörmətli cənab Prezident!

Biz aşağıda imzaları təqdim edilən- Cavadov Rüstəm Qaffar oğlu və digərləri (102 imza. Ünvan: Bakı şəhəri,Yasamal rayonu, B.Səfəroğlu küçəsi) yazıb Sizə bildiririk ki, 2014-cü ildən bu günə kimi biz sakinlərin dincliyi yoxdur. Gürbəcur təşkilatlar, şirkət və MTK-lar dəfələrlə evlərimizin qapısına nömrə yazaraq, ölçü işləri aparıblar. Hər gələn də öz nömrəsini yazır, ölçür və gedir.

 Həmin dövrdə Sizə etdiyimiz kollektiv müraciətimizdən sonra bir neçə il susdular. Hal-hazırda artıq təzə bir təşkilat nümayəndələri  qapılarımıza öz nömrəsini yazaraq, ölçmə işləri ilə məşğuldur. Bu biz sakinlərin mütəmadi olaraq ciddi şəkildə narahat edilməsidir. Belə ki, biz- Bakı şəhəri,Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və Ç.Mustafayev küçəsi ilə S.Tağızadə küçələrinin arasında yerləşən evlərin sakinləri qədim tarixi olan evlərimizin sökülməsi üçün görülən işlərə  ETİRAZ  EDİRİK. Bildiririk ki, bizim evlərimiz heç də Soveskidəki evlər kimi gecəqondular deyil.

Bu ərazidə çox saylı evlər YERLİ ƏHƏMİYYƏTLİ DAŞINMAZ  TARİXİ VƏ  MƏDƏNİYYƏT ABİDƏSİDİR. Eyni zamanda tarixi abidə kimi siyahıya düşməyən, lakin keyfiyyətli və turistlərin diqqətini cəlb edən qədim binalar da bu ərazidə cox saydadır. Yuxarıda göstərdiyimiz unvanlarda evlərdən əlavə, Məscidlər, Tarixi Abidə sayılan hamamlar, kilsə və s. kimi öz görkəmi ilə Bakımızın qədimliyini və mədəni irsini nümayiş etdirən tarixi incilər vardır. Bu ərazinin sakinlərinin əksəriyyətinin 50-dən yuxarı yaşları var ki, biz qonşu kimi yox, bu ərazidə bir ailə üzvü kimi yaşayırıq. Bu ərazidə qonşuların da tarixi dostluğu, hətta qohumluğu var ki, biz bu ərazidə istənilən turistlərə xalqımızın qonaqpərvərlik mədəniyyətini, qədim ənənələrimizi nümayiş etdirmək əzmindəyik. Bu ərazi birmənalı olaraq Azərbaycanın qədim tarixini, mədəni irsini tərənnüm edən bir tarix səlnaməsidir.

Cənab Prezident!

Məhz buna görə də Sizin və Birinci Vitse-prezident Mehriban xanımın mədəni irslərimizin qorunmasına, milli-mədəni abidələrimizin, milli xörəklərimizin, xalçalarımızın, musiqimizin YUNESKO-da qeydə alınmasına çalışdıqlarınız halda, İcra Başçılarının milli mədəni TARİXİ abidələrimizi məhv etmələri yolverilməzdir.

Biz demək olar ki, hər gün, əsasən də Bakıda keçirilən Beynəlxalq tədbirlərə qatılan qonaqların küçələrimizdə fotoaparatlarla gəzərək bu qədim binaların fotoşəkillərini çəkmələrinin şahidi oluruq. Hesab edirik ki, Qədim Bakımızın tarixinin kiminsə maddi maraqları naminə qurban verilərək məhv edilməsi tariximizə XƏYANƏTDİR!

Təzəpir məscidində Mərasim zalları başqa ünvanlarda fəaliyyət göstərsə, ərazidə heç bir sıxlıq da ola bilməz. Əvvəllər bu ərazilərdə insan sıxlığı olmamışdır. Təzəpir məcscidində çoxsaylı mərasim zalları tikiləndən sonra ərazidə maşın əlindən yer yoxdur. Mərasim zalları ərazidə sıxlıq yaratdığına görə TARİXİMİZİ QURBAN VERMƏK, HESAB EDURİK Kİ, MƏDƏNİ İRSİMİZƏ, TARİXİMİZƏ və  GƏLƏCƏK NƏSİLLƏRƏ XƏYANƏTDİR!

Bütün dünyada tarixi qədim evlər var və qorunub saxlanılır. Ümummilli Liderimiz, Ulu Öndərimiz cənab Heydər Əliyev 18 aprel 2001-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfransda bildirmişdir: «Biz Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işlərini təkmilləşdirməliyik.

Cənab Prezident!

 Bu ərazi Sizin və Birinci Vitse-prezident Mehriban xanımın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə 01 mart 2019-ci ildə  görüşündə təklifinizlə yaradılmaqda olan BAKININ TARİXİ MƏRKƏZİ rayonunun  mədəniyyət və tarixini əks etdirən nadir incilərdəndir. Məlumat üçün bildiririk ki, ərazidə 66 ev YERLİ ƏHƏMİYYƏTLİ DAŞINMAZ  TARİXİ VƏ  MƏDƏNİYYƏT ABİDƏSİDİR və  Nazirlər Kabinetinin  02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən, Dövlət qeydiyyatına götürülmüşdür, hər birinin inventar nömrəsi vardır.  (Siyahını əlavə edirik).

 Dünya tərəqqi etdikcə ətraf mühitə, xüsusilə də memarlıq abidələrinə yeni baxış, münasibət yaranır. Hər bir memarlıq abidəsi öz varlığında təkcə yaradıldığı tarixi deyil, həm də məxsus olduğu dövrün mədəni mühitini, maddi imkanını, yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir. Memarlıq abidələrinin mühafizəsi həm də maddi və mənəvi həyatımızın güzgüsünü qorumaqla onu gələcək nəsillərə çatdırmaq deməkdir. Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla-yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı ifadə edirik. 2009-cu ildə Azərbayca memarlıq abidələrinin qorunması haqqında Avropa Konvensiyasına qoşulub.

Cənab Prezident!

Onu da bildiririk ki, bu binalardan biri Murtaza Muxtarov küçəsindəki 50 saylı -Çingiz Mustafayev küçəsinin kəsişməsində  yerləşən və 1896-cı ildə məşhur alman memarı Adolf Eyxler tərəfindən  inşa edilən 02 mərtəbəli binadır. Adolf Eyxler  XIX-XX əsrin  əvvəllərində (1892-1911) Bakı şəhərində bir çox məşhur binaları inşa edib. Həmin illərdə  Bakı şəhərinin  Baş memarı olmuşdur. 2017-ci ildə Azərbaycan Respublikasında onun şərəfinə poçt markası  buraxılmışdır. Onun Qotika və Viktorian  üslublarında  inşa etdiyi  15-ə yaxın- Aşumov məscidi (İmam Hüseyn 1896), Zuteran kilsəsi (Kirxo 1899) və s. kimi binalar sırasında M.Muxtarov (Suraxanskaya) küçəsindəki 50 saylı ev də yer almışdır. Viktorian uslubunda tikilən bu bina Bakı şəhərində məktəb kimi fəaliyyət göstərən birinci bina olmuşdur.  1970-ci illərə  kimi bu binada 18 saylı məktəb  fəaliyyət göstərib. Burada 1970-ci illərdən sonra  isə Moskvanın  Yeyinti (“Pişevoy”)  İnstitunun filialı fəaliyyət göstərib. Bu binanın 01-ci mərtəbəsi ARKA uslubunda inşa edilib. Bildiyiniz kimi arkalı binalar yer üzündə ən möhkəm və demək olarkı ömürlük zəlzələyə davamlı olurlar. Hal-hazırda bu bina baxımsızlıqdan  indiki vəziyyətinə düşməyinə baxmayaraq, çöx əzəmətli, möhkəm və gözəlliyini qoruyub saxlamaqdadır. 02-ci isə Zərgərpalan küçəsində yerləşən 40 saylı binadır.  1890-cı ildə Viktorian üslubunda tikilən bu binanın 01-ci mərtəbəsində inqlabdan əvvəl  və 1989-cu illərə kimi  də Bakı şəhərində birinci zərgər emalatxanası yerləşib. Həmin emalatxanalarda Bakının məşhur zərgərləri- Əli Bala və Mikayır Məcidov qardaşları, Qafar və onun oğlu Fuad Əliyevlər, keçəl Əhməd Rza, Balaqədəş  kimi məşhur zərgərlər  fəaliyyət göstərib. Bakı şəhəri (Zevin) Əziz Əliyev  keçəsindəki Əliyev qardaşlarına məxsus  “Firuzə”  zərgər dükanının qızıl və brilliant əşyaları  bu emalatxanalarda hazırlanmışdır. 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, görkəmli memar Elbay Qasımzadənin təklifinə əsasən komissiyanın sədri Bəxtiyar Vahabzadənin göstərişi ilə Sovetlər vaxtilə “Kasım İsmayılov”  adlandırılan bu küçə Zərgərpalan adlandırılmışdır. Bu iki binanın  tarixi dəyərlərinə baxmayaraq onlar Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli daşımmaz tarixi və mədəniyyət  abidəsi kimi qeydiyyata alınmayıb.

 Ulu öndərimizin davamçısı kimi Sizə müraciət edərək, Tarixi Abidələrimiz olan və memarlıq  səlnaməsi sayılan, tarixə memarlıq fonemeni kimi  salınmış Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və  Ç.Mustafayev küçəsi ilə S.Tağızadə küçələrinin arasında yerləşən qədim Bakımızın turistlərin  ciddi diqqət mərkəzində olan ərazisinin MƏHV EDİLMƏSİNİN, Mədəni irsimizi tərənnüm etdirən TARİXİ ABİDƏLƏRİMİZİN DAĞIDILMASININ qarşısının alınması və buradakı evlərin bərpa edilərək, öz statusunun saxlanılmasına göstəriş verməyinizi xahiş edirik. 

Hörmətlə: Cavadov Rüstəm Qaffar oğlu və digərləri (102 imza).

REDAKSİYADAN: məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərilmişdir. Əlavə məlumat veriləcək.

Lakin bir məsələ qaranlıq qalır: qeyd olunan tarixi binaların dağıdılmasında, yer üzündən silinməsində məqsəd nədir? Yəni, həmin binalar sökülüb dağıdıldıqdan sonra ərazidə hansı işlər görüləcək, yaxud hansı ictimai-mədəni əhəmiyyət daşıyacaq tikintilər aparılacaq?

«Təzadlar»

Seçilən
8
tezadlar.az

1Mənbələr