AZ

Ərdəbildə məhbus vəkil Məhəmmədrza Fəqihiyə dəstək plakatları yayılıb

Ərdəbil şəhərində bu yaxınlarda Tehranın Evin həbsxanasına göndərilən insan haqları vəkili Məhəmmədrza Fəqihiyə dəstək plakatları yayılıb.

Sosial media kanalları və bəzi xəbər saytlarında yayımlanan görüntülərdə Ərdəbilin müxtəlif küçələrində qısa bir mətn və məhbus vəkilin şəklini əks etdirən plakatlar yapışdırıldığı görünür.

“Azərbaycan Milli Hərəkatı” imzasını daşıyan plakatlarda yazılıb ki, “əyilməz vəkil heç bir gözləntisi olmadan örnək bir cəsarət və şücaət sərgiləyib çeşitli təhdidlərə sinə gərərək türk millətinin əzilmiş hüquqlarını müdafiə etmişdir. O, zülm və irqçiliyə qarşı durmağının bədəlini 5 il həbsə məhkum olaraq ödəyir.”

Əslən İran Azərbaycanından olan Məhəmmədrza Fəqihi daha əvvəl məhkum olduğu 5 illik həbs cəzasını çəkmək üçün yanvarın 21-də yaşadığı paytaxt Tehranın Evin həbsxanasına göndərilib.

İranın müxtəlif şəhərlərində siyasi-mədəni fəallar və sabiq siyasi məhbuslar Məhəmmədrza Fəqihinin həbsinə etirazlarını bildiriblər. Vəkilin həbsinə beynəlxalq ictimaiyyətdən də təpkilər gəlib.

Birləşmiş Millətlər Təşkilatının hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor cümə axşamı günü öz X hesabında etdiyi paylaşımda Fəqihinin həbsindən narahatlığını ifadə edib.

“İranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin 2022 ilində qadın hüquqları ilə bağlı fəaliyyətlərinə görə 5 il həbs cəzası çəkməyə başladığına dair narahatedici xəbərlər aldım. O, həmçinin 2 il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib. İran dinc insan haqları müdafiəçilərinə qarşı təqib və basqılara son qoymalıdır,” deyə Loulor yazıb.

Hüquq müdafiəçilərinə beynəlxalq dəstək fondu Front Line Defenders isə yanvarın 30-da Məhəmmədrza Fəqihiyə dəstək bəyanatı yayımlayaraq, İran rəsmilərindən vəkilin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi illər boyunca İranın müxtəlif məhkəmələrində bir çox siyasi məhbusu, o cümlədən İran Azərbaycanı, eləcə də Tehran və Əlburz vilayətlərində mühakimə olunan türk dil haqları fəallarını müdafiə edib.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr