AZ

Din xadimləri seçkilərə namizəd kimi niyə qatılmır? - “Siyasi fəaliyyətə keçmələri labüddür”

Konstitusiyanın 56-cı maddəsinə (seçki hüququ) əsasən, bir sıra peşə və vəzifə sahiblərinin, o cümlədən hərbi qulluqçu, hakim, dövlət məmuru və din xadimlərinin Əsas Qanun və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. 

“Yeni Sabah”ın diqqət mərkəzində ruhanilərdir.

1990-cı illərdə din xadimləri Azərbaycan parlamentində təmsil olunurdular. Daha doğrusu, Milli Məclisdə təmsil olunan yeganə din xadimi QMİ sədri Allahşükür Paşazadə idi. Lakin indi parlament və ya bələdiyyədə əbalı, əmmaməli şəxslərə rast gəlinmir. Hərgah dini ibadətgahlarda təyinatlı vəzifə tutan ruhanilər istefa ərizəsi yazdıqdan və Dini Komitə onların vəzifəsinə xitam verdiyi halda istənilən seçkidə namizədliyini irəli sürə bilərlər.

Buna baxmayaraq, istər parlament, istərsə də bələdiyyə seçkilərində hansısa din xadiminin, ilahiyyatçının faktiki iştirakını müşahidə edilmir. Azərbaycanda aktiv dini fəaliyyət göstərən və ya təbliğatçı olan ruhanilərin siyasi fəaliyyətdə iştirakı fenomen olaraq yoxdur. Halbuki bir çox islam ölkəsində din xadimi və ya dini meylli şəxslər siyasətə atılmaqla müxtəlif modelli “siyasi İslam” cərəyanını təmsil edirlər.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan islamşünas Fərid Abdullah bildirib ki, din xadimlərinin bu məsələyə baxışı fərqlidir:

“Ümumiyyətlə, ilahiyyat sahəsində bu barədə fikirlər fərqlidir. Tarix boyu din xadimlərinin arasında bu mövzuda mübahisə olub. Dinin siyasətdən ayrı olmasının tərəfdarı olanlar da vardı, dinin elə siyasət olduğunu düşünənlər də. 

Bəziləri deyir ki, siyasət bəzən kələk, qeyri-səmimilik, Allahın qayda-qanunlarından sapma kimi şeyləri labüd edir. Bu, dindar adamı təbiətinə uyğun deyil. Əlbəttə, danışdığımız İslamın siyasətə geniş baxışı deyil. 

Hazırda Dini Komitə axundların imtahan verməsinə şərait yaradıb. Amma buna nə qədər meyl var? Azərbaycanda nüfuz sahibi olan din xadimləri az deyil, amma onlar buna gedirlərmi?! Sözsüz ki, gedənlər də var və onları qətiyyən mənfi işıqda təqdim edə bilmərik”. 

İslamşünas din xadimlərinin seçkiyə qatılmamasını bir neçə faktorla əlaqələndirib:

“Birincisi, ola bilsin, insan istəmir ki, sistemin bir parçası, hissəsi olsun. İkincisi, insan təcrübəsizliyini qanır. Yəni bu adam din elmləri üzrə oxuyub və düşünür ki, nə qanunvericiliyi bilir, nə də konstitusiyanı. Üçüncüsü, ehtiyat edir ki, addım atar, lakin alınmaz. Dördüncüsü, isə şəxsin ümumiyyətlə, qanundan xəbəri yoxdur. Beşincisi, bunu özünə nöqsan hesab edir. Yəni düşünür ki, niyə dini fəaliyyətimi kənara qoyub kabinet işini seçim? 

Əvvəllər qanun imkan vermirdi və bəziləri dini platformalarını kənara qoyurdular. Çünki qanunvericilik bunu tələb edirdi. Bəziləri də düşünür ki, onsuz insanlara xidmət edə bilərəm. 

Əgər bir din xadiminin üzərində vacib şəriət öhdəliyi düşürsə, bunu etməlidir. Belə bir öhdəlik yaransa ki, mən insanlara xidmət edə, fayda verə bilərəm, onda həmin din xadimi bunu etməlidir. 

Şəxsi fikrim budur ki, qanunvericilik işlərinin icraatından əvvəl cəmiyyətin özü ilə də işləmək lazımdır. Azərbaycanda dövlətçilik ideyası ilə inkişaf etmiş din xadimlərinin siyasi fəaliyyətə keçməsi labüddür”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr