Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə son illərdə elektron siqaretlərin (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi qeyd olunub.
Bildirilib ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb.
Məlumata görə, rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir:
"Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.
Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.