AZ

Şərqi Azərbaycanda vəkillər "Traktor" oyununda səsləndirilən irqçi şüarları pisləyiblər

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası "Traktor" və "Persepolis" komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarlarla bağlı bəyanat yayıb. Komissiya bu cür şüarları pisləyərək, bu davranışların təşkilatçılarına qarşı ciddi tədbirlərin görülməsini tələb edib.

Bəyanat Şərqi Azərbaycan Vəkillər Kollegiyasının Instagram səhifəsində və Vokalapress saytında yayımlanıb.

Sənəd azərbaycanlı şair Bulud Qaraçorluya aid millətlərin bərabərliyini ifadə edən bir şeirlə başlayıb və irqçiliklə etnik ayrı-seçkiliyə qarşı mübarizənin vacibliyi vurğulanıb. Bildirilib ki, “irqçilik, etnik ayrı-seçkilik və etniklərə, eləcə də fərqli mədəniyyətlərə qarşı hər cür təhqir fundamental insan haqlarına zidd olmaqla yanaşı, İran İslam Respublikasının üzərinə götürdüyü beynəlxalq və daxili qanunlara da ziddir.”

Komissiya idman yarışlarında belə halların əvvəllər də baş verdiyini xatırladaraq, hüquqi və mədəni cəhətdən təsirli tədbirlərin görülməməsini tənqid edib. “İrqçiliyin cəmiyyətin dərin qatlarında kök saldığı” vurğulanaraq, problemin həlli üçün "ali səviyyələrdə qərar qəbul edən qurumların tərəfindən mədəniyyət və təhsil siyasəti sahəsində hazırkı yanaşmaların dəyişdirilməsinə" ehtiyac olduğu bildirilib.

"Traktor" azarkeşləri stadionda daha əvvəl də irqçi şüarların səsləndirilməsinə etiraz ediblər, lakin məsələ hələ də həllini tapmayıb.

Bəyanatda İran İslam Respublikası Konstitusiyasının 19 və 20-ci maddələrinə, Cinayət Məcəlləsinə və irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı beynəlxalq sənədlərə istinad edilərək, bu qanunların düzgün icra olunmaması və ya tamamilə icra edilməməsi tənqid edilib.

Bəyanatda qeyd olunub ki, "Sərvət və imkanların ədalətsiz bölüşdürülməsi, praktik olaraq, bəzi etnik qrupların digərləri üzərində üstünlük əldə etməsinə və irqi ayrı-seçkiliyin genişlənməsinə şərait yaradır."

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası bəyanatın sonunda İran məhkəmə orqanları, İdman Nazirliyi, İran Futbol Federasiyası və Futbol Liqası Təşkilatı daxil olmaqla aidiyyəti qurumlardan konkret hüquqi tədbirlər görmələrini tələb edib. Sənəddə beş maddədən ibarət tələblər irəli sürülüb.

Komissiya, "Persepolis" klubunun azarkeşlərinin irqçi şüarlarına mane olmamasına görə klub və məsul şəxslərin cəzalandırılmasını, günahkar azarkeşlərin müəyyən edilərək cəzalandırılmasını, "Persepolis" klubundan gələcəkdə bu cür hərəkətlərin təkrarlanmayacağına dair məcburi öhdəliklər alınmasını, yarışın təşkilatçılarına qarşı tədbirlər görülməsini, eləcə də İran dövlət televiziyasının ayrı-seçkilik siyasətinin dayandırılmasını və etnik qruplara qarşı hörmət mədəniyyətinin təşviq olunmasını tələb edib.

İran Premyer Futbol Liqasının oyunları çərçivəsində yanvar ayında Tehranın Azadi stadionunda "Traktor" - "Persepolis" komandaları arasında keçirilən oyun zamanı meydan sahibi komandanın azarkeşləri türklərə qarşı irqçi şüarlar səsləndiriblər. Bu isə ölkədəki türk icması arasında ciddi narazılıq yaradıb.

Oyun bitdikdən sonra "Traktor" klubu bəyanatında və icraçı direktoru açıqlamasında bildirib ki, daxili qurumlar müvafiq tədbirlər görmədiyi təqdirdə məsələni FIFA-ya çıxaracaq.

Bu hadisədən təxminən iki həftə keçməsinə baxmayaraq, İranın futbol qurumları hələ də yaranmış qalmaqalla və "Traktor" klubunun şikayəti ilə bağlı heç bir qərar verməyib və açıqlama yaymayıb.

visiontv.az



Seçilən
40
visiontv.az

1Mənbələr