AZ

Əfv komissiyasının iclasları başladı: Ömürlüklərə şamil olunacaq?

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi nəzərdə tutulub. Əfv komissiyasının iclasları zamanı məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunur.

Bu iclaslarda verilən qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəyə uyğun olaraq, əfv sərəncamları adətən Novruz bayramı öncəsi və ya ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində imzalanır. 

Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Ajans.az-a açıqlamasında bildirib ki, əfv sərəncamının kimlərə şamil olunacağı yalnız Prezident İlham Əliyevin qərarından asılıdır:

"Kimlərin əfv olunacağı ilə bağlı indidən nəsə demək çətindir. Bununla bağlı qərarı yalnız cənab Prezident verəcək. Bütün kateqoriyalar üzrə həbsdə olan şəxslər əfv üçün müraciət edə bilər. Bu sahədə hər hansı xüsusi məhdudiyyət yoxdur. Həbsdə olan şəxslərin yaxınları, Milli Məclisin deputatları, hətta Ombudsman belə məhkumlarla bağlı vəsatət qaldıra bilər. Amma əsas müraciəti məhkumun özü və ya onun ailə üzvləri edə bilər. Kimlərin azad olunacağı isə yalnız Prezidentin imzaladığı qərarda müəyyən ediləcək".

Əliməmməd Nuriyev əlavə edib ki, əfv sərəncamının imzalanma tarixi dəqiq bilinmir, bu qərar da Prezidentin səlahiyyətindədir:

"Əfv sərəncamının nə zaman veriləcəyi barədə konkret bir vaxt söyləmək çətindir. Keçmiş illərdə bunun əsasən Novruz bayramı və ya Azərbaycan tarixində böyük rol oynamış şəxslərin doğum günləri ərəfəsində verilməsi təcrübəsi olub. Ehtimal etmək olar ki, bu il də əfv sərəncamı mart və ya may aylarında verilə bilər. Eyni zamanda, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də nəzərə alınaraq, bununla bağlı bir əfv sərəncamının qəbul edilməsi ehtimalı var. Amma yenə də hər şey Prezidentin qərarına bağlıdır.”

Seçilən
12
2
news365.az

3Mənbələr