Livan yeni hökumət formalaşdırıb. Bu, ABŞ-ın prosesə qeyri-adi birbaşa müdaxiləsindən sonra baş verib və İsraillə Hizbullah arasında dağıdıcı müharibədən sonra ölkəni yenidənqurma üçün maliyyəyə çıxışa yaxınlaşdırmaq məqsədi daşıyan bir addımdır.
Prezident sarayında jurnalistlərə açıqlama verən yeni baş nazir Nəvaf Salam bildirib ki, 24 üzvdən ibarət Nazirlər Kabineti maliyyə islahatları, yenidənqurma və Livanın İsraillə sərhədində sabitliyin təməl daşı kimi görünən Birləşmiş Millətlər Təşkilatının qətnaməsinin həyata keçirilməsinə üstünlük verəcək.
Bu açıqlama, hökumətdəki vəzifələrin məzhəblərə görə bölündüyü Livanda rəqib siyasi partiyalarla üç həftədən çox davam edən danışıqlardan və adətən İranın dəstəklədiyi Hizbullah və onun şiə müttəfiqi Amal tərəfindən irəli sürülən şiə müsəlman nazirləri ilə bağlı danışıqların dalana dirənməsindən bir neçə gün sonraya təsadüf edib.
Ancaq Vaşinqton istənilən yeni hökumətdə Hizbullahın nüfuzunun olmasına qarşı çıxıb.
ABŞ-ın Yaxın Şərq üzrə elçisinin müavini Morqan Ortaqus cümə günü, ABŞ-ın Hizbullahın yeni Nazirlər Kabinetində iştirakını "qırmızı xətt" hesab etdiyini deyib və qruplaşmaya sarsıdıcı zərbələr endirdiyinə görə İsrailə təşəkkür edib. Bu mübahisəli bəyanat Livanda etirazlara səbəb olub.
Bununla belə, son nəticədə Hizbullahın müttəfiqi - Parlamentin spikeri Nəbih Berrinin rəhbərlik etdiyi - Amala maliyyə naziri Yasin Cabir də daxil olmaqla yeni Nazirlər Kabinetinin dörd üzvünü seçməyə və beşincisini təsdiqləməyə icazə verilib.
İndi Nazirlər Kabinetinə qarşıdan gələn hökumətin yanaşması və prioritetlərinin geniş xülasəsini əks etdirən siyasət bəyanatı hazırlamaq tapşırılıb və bundan sonra o, tam səlahiyyət əldə etmək üçün Livan Parlamentindəki etimad səsverməsindən keçməli olacaq.
Ordu komandiri kimi ABŞ-ın dəstəyini alan Cozef Aun yanvarın 9-da prezident seçilib və bir neçə gün sonra yeni hökuməti formalaşdırmaq üçün Salamın namizədliyini irəli sürüb. Salam Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri vəzifəsində çalışıb.
Salamın namizədliyi İsrailin Hizbullaha vurduğu ağır zərbələrdən, dekabrda Hizbullahın Suriya müttəfiqi Bəşər Əsədin devrilməsindən və Aunun keçən ay seçilməsindən sonra Livanda güc balansında dramatik dəyişikliklərin olduğuna dair son işarə olub.
visiontv.az