Bu il Özbəkistanın məhəllələrində səkilər və ayrı-ayrı velosiped yolları boyunca ağac və digər bitkilərin əkilməsi ilə “Kölgəli gəzinti küçələri” şəbəkələri yaranacaq. Sahil zonalarında isə uzunluğu 100 kilometrdən çox xüsusi istirahət obyektləri və meydançalar tikiləcək.
Hafta.az-ın yazdığına görə, belə planlar prezident Şavkat Mirziyoyevin “Özbəkistan-2030” Strategiyasının “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili”ndə həyata keçirilməsi üzrə Dövlət Proqramı haqqında” fərmanında öz əksini tapıb.
Əhalinin məskunlaşdığı ərazilərdə yaşıllaşdırma səviyyəsinin yüksəldilməsi üçün daha bir sıra layihələr qeyd olunub. Xüsusilə, bunun yağış və tullantı sularından səmərəli istifadə, suya qənaət edən texnologiyalardan istifadə etməklə suvarma sisteminin tətbiqi hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, “Yaşıl məkan” və “Mənim bağım” proqramları çərçivəsində 200 milyon ağac və kol əkilməsi nəzərdə tutulur.
Qurumuş Aral dənizinin yatağında əlavə 100 min hektar meşə plantasiyaları salınacaq və bununla da ərazidə meşəliyin sahəsi 2,1 milyon hektara çatdırılacaq.
Şəhərlərdə yaşıllıqların qorunması məqsədilə bu il iyulun 1-dən çoxmərtəbəli binaların yaxınlığında bitki örtüyü salınmış ərazilərdə özbaşına betonlamaya, binaların ucaldılmasına və konstruksiyaların quraşdırılmasına görə məsuliyyət artırılır.
Sağlam həyat tərzinin təbliğinə yönəlmiş “Bir milyon yaşıl ailə” ümummilli hərəkatının əsas prinsipləri aşağıdakılardır:
Sağlam həyat tərzinin təbliği, o cümlədən tibbi mədəniyyətin yüksəldilməsi, sağlam qidalanma, gündəlik gəzinti və qaçış, velosipedlər də daxil olmaqla “yaşıl nəqliyyat”da hərəkətin təşviq edilməsi, plastik məhsulların istifadəsinin azaldılması, israfçı qida istehlakının qarşısının alınması, su, qaz və elektrik enerjisindən səmərəli istifadə, tullantıların növləri üzrə çeşidlənməsinin tətbiqi.
Hərəkat çərçivəsində xüsusilə fərqlənən şəxslərə “Ekoaktiv vətəndaş” statusu veriləcək. Belə şəxslərə dövlət xidmətlərinə 10 faiz endirim, həmçinin dövlət banklarından kredit almaq üçün güzəştli şərtlər təqdim olunacaq.
Qərara alınıb ki, “yaşıl ailələr” arasında hər il müsabiqə keçirilsin, qaliblərə elektriklə işləyən avtomobillər hədiyyə olunsun.
Burada “Ən təmiz məhəllə” və “Ən yaşıl məhəllə” müsabiqələri də təşkil olunub. Ayrılan vəsait daha sonra əhalinin sifarişi əsasında infrastrukturun yaxşılaşdırılması, yolların təmiri, uşaq meydançalarının və digər obyektlərin tikintisinə sərf olunacaq.
Prezidentin bu il mayın 1-dən etibarən Daşkənd, Nukus şəhərlərində və rayon mərkəzlərində asbest, sement, şlam və şlak istehsalının, dəri emalı zavodlarının, quşçuluq fabriklərinin, təmizləyici qurğular olmadan kömür yandıran fabriklərin, zəhərli kimyəvi maddələrdən istifadə edən qara və əlvan metallurgiya müəssisələrində istehsalın fəaliyyətə başlaması qadağan edilib.