AZ

"Doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır"

Ötən gün Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsinə münasibət bildirib. Beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub.

 

Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi, hazırkı iki mərhələli (fəlsəfə doktoru və elmlər doktoru) sisteminin ləğv edilərək vahid doktorantura dərəcəsi ilə əvəz olunması deməkdir.

 

Bu, o deməkdir ki, doktorantlar əvvəlcə "fəlsəfə doktoru" (PHD) dərəcəsini alıb daha sonra "elmlər doktoru" pilləsinə keçmədən, birbaşa tam doktorluq dərəcəsi üzrə təhsil alacaqlar.

 

Maraqldıır, doktorantura təhsilinin birdən-birə tam doktorluq pilləsinə keçid edilərsə, elmi işlərin keyfiyyətinə necə təsir edə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib ki, bu olduqca zəruri dəyişiklikdir:

 

“Bu mövzuda uzun müddət müzakirələr olsa da hələki “Ali təhsil haqqında” qanunda qəbul olmadığı üçün bir nəticə yoxdur.  Lakin mən düşünürəm ki, bu, olduqca zəruri bir dəyişiklikdir. Demək olar ki, dünyanın əksər ölkələrində, o cümlədən bizim uzun müddət bir parçası olduğumuz post-sovet ölkələrində, erməni doktorluğu dərəcəsi artıq birpilləlidir.

 

Əslində, qeyd edim ki, elmlər namizədliyi sistemi dünyada çox az sayda ölkədə mövcuddur. Əksər ölkələrdə bu dərəcə birpilləli şəkildədir. Hesab edirəm ki, elmi dərəcənin mahiyyəti dəyişməlidir. Dünyanın bir çox yerində sadəcə elmi dərəcə və elmi vəzifə mövcuddur. Elmi dərəcə dedikdə, bu, təhsil dərəcəsini nəzərdə tutur. Yəni bakalavr, hətta subbakalavr, magistratura və doktorantura dərəcəsi nəzərdə tutulur. Doktorantura dərəcəsi isə tədqiqat aparmağa səlahiyyət verən bir dərəcədir. Bu, universitetdə pedaqoji və tədqiqat fəaliyyətini həyata keçirmək üçün lazımi bir səlahiyyət verir.

 

Bu şəxs, eyni zamanda tədqiqat aparmaq və ali məktəblərdə müəllimlik etmək imkanı əldə edir. Əgər bu dərəcəyə sahib deyilsə, o zaman universitetdə professor köməkçisi olaraq fəaliyyət göstərə bilər. Lakin PHD dərəcəsinə sahib olduqdan sonra artıq universitetdə müəllim və ya tədqiqatçı olaraq işə götürülə bilər. Daha sonra həmin şəxsin məhsuldarlığına görə vəzifələr verilir".

 

"Doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır", - deyə E. Süleymanov bildirib.

 

"PHD dərəcəsi olan bir şəxs universitetə müraciət etdikdə, əvvəlcə onu dosent köməkçisi, professor köməkçisi və daha sonra professor olaraq işə qəbul edirlər. Bu üç pillənin hər birinin konkret ölçülə bilən meyarları mövcuddur. Sovet ölkələrində, həmin diplom şəxsin müəyyən vəzifələrini avtomatik olaraq tutmasına kömək edirdi. Amma müasir dünya universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tamamilə rəqabətə dayalı bir vəzifədir.

 

Azərbaycanda müzakirə edilən məsələ kompleks bir məsələdir. Doktorantura təhsilinə başlayan birinə elmi tədqiqat aparıb dissertasiya yazması tələb olunur. Amma dünyada doktoranturanın müəyyən bir krediti olan təhsil hissəsi və bundan sonra tədqiqat hissəsi mövcuddur. Yəni, bu təhsil hissəsində elmi tədqiqat aparmaq bacarıqları qazandırılır.

 

Sonra keyfiyyətli tədqiqat tələb olunur. Bu, öz növbəsində, bakalavrda 240 kredit, magistraturada 120 kredit, doktoranturada isə yenə 240 kreditdir. Yəni, doktoranturanın təhsil yükü bakalavra bənzəyir. Burada 8, bəzən 10 fənn alınır və sonra tədqiqat hissəsinə keçilir. Bu prosesin sonunda bəzi ölkələrdə dissertasiya təqdim edərək PhD dərəcəsi alınır.

 

Əslində, bu təhsil sisteminin ən yüksək dərəcəsidir. Məqsəd isə odur ki, bu dərəcəni əldə edən şəxs artıq tədqiqat apara və pedaqoji fəaliyyətlə məşğul ola bilər. Bu dərəcəni əldə edən birisinin təkrar almasına ehtiyac yoxdur. Amma doktorantura təhsili mütləq dünya standartlarına uyğunlaşdırılmalıdır. Bu qayda qəbul edilərsə, alimlərin gəncləşdirilməsinə də kömək edəcəyini düşünürəm".

Seçilən
10
azedu.az

1Mənbələr