“Elliott Management” hedc fondu (investisiya fondu – red.) Böyük Britaniyanın BP şirkətində iştirak payı alıb və onun dəyərini artırmaq üçün neft-qaz şirkətində dəyişikliklərə təkan vermək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.
Qeyd olunur ki, təxminən 70 mlrd. dollarlıq aktivləri idarə edən “Elliott” Voll-Strit-in (Wall Street ) ən nüfuzlu investorlarından biridir.
Bildirilir ki, “Elliott”un BP-də hansı paya sahib olduğu hələlik məlum deyil.
Vurğulanır ki, investor BP-ni öz mövqeyini bərpa etmək üçün indiyədək atdığı addımlardan daha radikal addımlar atmağa çağırır.
BP-nin strategiyası son illərdə kəskin şəkildə dəyişib. Beş il əvvəl o, daha çox aşağı karbonlu enerji əməliyyatlarına diqqət yetirmək qərarına gəldi.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda iri neft-qaz layihələrinin əsas iştirakçılarından biridir. (Apa)