AZ

“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində “Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi baş tutub. Açılışda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də “Yüksəliş” müsabiqəsinin qalibləri iştirak ediblər.Rektor Elmar Qasımov tələbələri mentorluq proqramına seçilmələri münasibətilə təbrik edib və onların gələcək karyeralarında uğur qazanacaqlarına əminliyini ifadə edib. O, tələbə mentorluq proqramının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara fəal olmağı və əldə edilən biliklərdən maksimum faydalanmağı tövsiyə edib.

AzEdu.az xəbər verir ki, görüş zamanı mentorluq proqramının məqsədləri, tələbələr üçün yaradılan imkanlar istiqamətində müzakirələr aparılıb. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev karyera inkişafında mentorluğun əhəmiyyətini qeyd edib və uğur qazanmağın əsas prinsipləri haqqında danışıb. O bildirib ki, akademik biliklərlə yanaşı, praktiki bacarıqların və peşəkar əlaqələrin qurulması da karyera yolunda mühüm rol oynayır. Tədbir çərçivəsində mentorluq proqramında iştirak edəcək tələbələr və mentorları olacaq “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgülər elan edilib.

Qaliblər tələbələrlə fərdi və qrup formatında işləyəcək, onların peşəkar və şəxsi inkişafına dəstək göstərəcəklər. Mentorlar tələbələrə karyera planlaması, liderlik bacarıqlarının inkişafı, effektiv ünsiyyət və problem həll etmə qabiliyyətlərinin formalaşması istiqamətində yol göstərəcəklər. Eyni zamanda, tələbələrin potensialını üzə çıxarmaq və onların gələcəkdə uğurlu karyera qurmasına dəstək olmaq məqsədilə mütəmadi görüşlər və təlimlər təşkil edəcəklər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mentorluq proqramında iştirak perspektivləri müzakirə olunub. Qeyd edək ki, sayca ikinci dəfə keçirilən tələbə mentorluq proqramının ilk mərhələsi 2023-2024-cü illərdə müvəffəqiyyətlə tamamlanmışdır. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Seçilən
15
6
azedu.az

7Mənbələr