AZ

Nazirin onunla görüşündə "Mixaylo"dan danışıldı

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

Ölkələrimiz arasında təhsil və humanitar istiqamətlər üzrə əməkdaşlıqdan bəhs olunub, o cümlədən İkinci Dünya müharibəsi zamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verən soydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) kimi qəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə və yaxınlığın əsasında dayandığı qeyd edilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləri barədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitar minatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb. 

Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin hazırkı vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, əldə olunan bir sıra irəliləyiş və razılaşdırılan müddəalara baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə davam edən ərazi iddiaları, habelə bu ölkənin revanşizm ruhunda sürətli silahlanmasının regional sülh quruculuğuna təhdid törətdiyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Seçilən
2
12
qafqazinfo.az

10Mənbələr