AZ

Azərbaycan millisinin voleybolçusu: Braziliya Kubokunun qalibi olduğum üçün xoşbəxtəm

Bakı, 10 fevral, AZƏRTAC

“Komanda olaraq çox yaxşı oynadıq. Buna görə olduqca xoşbəxtəm. Klubumuzun bütün üzvlərini bu münasibətlə təbrik edirəm”

AZƏRTAC xəbər verir ki, bu sözləri voleybol üzrə Braziliya Kubokunun qalibi olan Azərbaycan millisinin üzvü Polina Rəhimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

“Osasko” klubunun üzvü finalda çox gərgin, çətin və maraqlı oyun keçirdiklərini bildirib: “Bu, qazandığımız ikinci kubokdur. Daha əvvəl Paulista Kubokuna sahib çıxmışdıq. Finalda mənim keçmiş klubum “Sesi Bauru”ya 3:1 hesabı ilə qalib gəldik. Pley-off mərhələsində isə ötən mövsüm çempion olan “Minas” komandasını 3:2 hesabı ilə məğlub etdik. Komandaya ilk gəldiyim vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final qarşılaşmasında artıq əsas heyətdə yer aldım. Çünki komandamızda bəzi voleybolçuların oyunları istənilən kimi alınmırdı. Çox xoşbəxtəm ki, bu vacib görüşlərdə gözəl oyun nümayiş etdirə bildim. Düşünürəm ki, oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və elə buna görə də yaxşı formada idim. Dediyim kimi, final matçımız çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələni etməyə çalışdı. Görüş zamanı oyunqurucumuz dizindən zədələndi və biz ikinci oyunqurucu ilə davam etdik. Bu voleybolçu bizimlə az oynamasına baxmayaraq, yaxşı çıxış etdi”.

Hücumçu Azərbaycan, eləcə də digər ölkələrin çempionatlarına vaxt tapdıqca baxdığını və nəticələri izlədiyini söyləyib: “Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Bu mövsüm legioner oyunçular da çoxdur. Bir çoxlarını tanıyıram, bundan əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Yaxşı haldır ki, Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı üçün bir sıra işlər görür”.

O, beynəlxalq turnirlərdə milli komandanın heyətində yer alıb-almayacağına da aydınlıq gətirib: “Bu gün bununla bağlı dəqiq bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı matçlarına köklənmişəm. Hər bir oyunçuya movsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlayıram. Bundan sonra qərar verəcəyəm. Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, yığma İslamiadada hətta qalib gələ bilər. Komandamız bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik”.

Seçilən
5
1
azertag.az

3Mənbələr