AZ

Sərhəddə savaş hazırlığı başladı - Ermənilər  hücuma keçir?

Ermənistanın sürətlə silahlanması və Qərbdən aldığı hərbi yardımlar regionda yeni gərginliyin yaranmasına səbəb olur. Xüsusilə Fransa tərəfindən Ermənistana pulsuz şəkildə hücum xarakterli silahların verilməsi, bu prosesin təkcə müdafiə məqsədi daşımadığını göstərir. Parisin rəsmi İrəvana dəstəyi artıq siyasi bəyanatlardan kənara çıxaraq konkret hərbi təchizat formasını alıb. Bu çərçivədə, Fransanın Ermənistana göndərəcəyi 26 ədəd Bastion zirehli transportyorunun 10-nun istehsalının başa çatması diqqət çəkir. Ermənistanın silahlanmasının arxasında hansı məqsədlər dayanır? Qərb ölkələrinin, xüsusilə Fransanın bu prosesi dəstəkləməsi bölgədə hansı nəticələrə yol aça bilər? Ermənistanın bu silahlanma ilə yeni müharibəyə başlama ehtimalı varmı? Bütün bu suallar regionda təhlükəsizlik balansının yenidən dəyişə biləcəyi ehtimalını gücləndirir.
Bu barədə Moderator.az-a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi ekspert Mübariz Göyüşlü bildirib ki, Ermənistan çox təhlükəli bir siyasət yürüdür:
“Əgər buna siyasət demək mümkündürsə, bu, odla oynamaqdır. Ermənistan İkinci Qarabağ müharibəsində başına gələnlərdən və antiterror tədbirlərində üzləşdiyi vəziyyətdən dərs çıxarmalı idi. Düşünürəm ki, onlar baş verənləri unutmayıblar və unutmamalıdırlar. Amma atdıqları addımlar göstərir ki, sanki unutmaq üzrədirlər. Xatırladım ki, Ermənistan İkinci Qarabağ müharibəsinə qədər Rusiyadan milyonlarla dollar dəyərində silahlar, raketlər, tanklar, toplar və digər hərbi texnika almışdı. Amma nəticə  bu oldu ki, Azərbaycan ordusu onları məhv etdi, erməni ordusunu məğlubiyyətə uğratdı və sonrakı proseslər hamıya bəllidir. Fransanın verdiyi silahlar, ABŞ-dan gələcək yardımlar, eləcə də Hindistan və Yunanıstanın dəstəyi Ermənistanı bu vəziyyətdən çıxara bilməz. Bunlar Ermənistana heç bir fayda verməyəcək və əksinə, bölgədə gərginliyi daha da artıracaq addımlardır. Ermənistanın bu davranışı yerinə, Azərbaycan və Türkiyə ilə anlaşmağa çalışması daha məqsədəuyğun olardı. Okeanın o tayından - Fransadan silah almaq Ermənistanın müharibəyə hazırlaşdığının göstəricisidir və bu, onların odla oynaması deməkdir. Mən bunu tövsiyə etmirəm. Düşünürəm ki, Ermənistanda ağlı başında olan insanlar var və ümid edirəm ki, onlar Paşinyanı və onun komandasını bu yanlış yoldan çəkindirə biləcəklər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
3
moderator.az

1Mənbələr