Qış mövsümündə tez-tez eşitdiyimiz fikirlərdən biri də "qar yağsa, soyuq azalır" düşüncəsidir. Bəs bu, həqiqətən doğrudurmu? Mütəxəssislər bildirirlər ki, bu iddia müəyyən qədər əsaslı olsa da, hər zaman keçərli deyil.
Yenisabah.az mövzunu araşdırıb.
Meteoroloqların izahına görə, qar yağışı zamanı atmosferdəki su buxarı bərk hala keçərək istilik buraxır. Bu proses havanın temperaturunun bir qədər yumşalmasına səbəb olur. Məhz buna görə də qar yağan zaman hava çox sərt şaxtalı olmur.
Digər tərəfdən, qar yağışı ilə müşayiət olunan buludlar yer səthindən yayılan istiliyi geri qaytararaq temperaturun daha da aşağı düşməsinin qarşısını alır. Bunun əksinə olaraq, açıq və buludsuz havada istilik kosmosa yayılır, nəticədə daha sərt şaxtalar müşahidə edilə bilər.
Qar yağdıqdan sonra yerin üzərində qoruyucu bir təbəqə yaradır. Bu, torpağı sərt şaxtalardan qoruyaraq, yerin dərin qatlarının donmasının qarşısını alır. Beləliklə, qar örtüyü müəyyən mənada izolyasiyaedici rol oynayır və havanın sabit qalmasına kömək edə bilər.
Ekspertlər bildirirlər ki, bəzi hallarda qar yağdıqdan sonra hava daha da soyuyur. Xüsusilə qar yağışından sonra buludlar çəkilərsə və səma açıq olarsa, istilik sürətlə kosmosa yayılır və nəticədə daha sərt şaxtalar qeydə alına bilər.
Mütəxəssislər qış aylarında hava şəraitinin müxtəlif amillərə bağlı olduğunu bildirir və havanın proqnozlarını diqqətlə izləməyə çağırırlar.
Aytac Şahin
Telegram kanalımız