Paris, 10 fevral, AZƏRTAC
Fransızlar tərəfindən Kamerunda törədilmiş Bamileke soyqırımının qurbanı Emmanuel Mukam artıq bezdiyini bildirib və Fransa Prezidenti Emmanuel Makron tərəfindən yaradılan komissiyanın üzvləri ilə görüşməkdən imtina edib.
AZƏRTAC “actucameroun.com” portalına istinadla xəbər verir ki, E.Mukam Fransanın Kamerunda apardığı müharibə ilə bağlı ətraflı araşdırma aparmaq məqsədilə E.Makron tərəfindən yaradılmış son komissiyanı tənqid edib. O, komissiyanın işini sual altına qoyub. Bildirib ki, soyqırımı törətmiş cəllad hesabı ödəməlidir. “Hesabı ödəməli olan cəllad tərəfindən göndərilən komandanı qəbul etməyən atam Kral Bamencu ilə razıyam”, - deyə o vurğulayıb.
E.Mukamın sözlərinə görə, Kamerundakı 237-ci Fransa ordusu tərəfindən “Napalm” bombasından istifadə olunması inkar edilir. Bu isə paradoks yaradır. Çünki bir neçə araşdırma fransızların Kamerunda həqiqətən “Napalm”dan istifadə etdiyini göstərir. “Müqavimət hərəkatının partizanı kimi 7 yaşım olanda qoxu hissimi itirmişəm. 2009-cu ildə Fransanın paytaxtı Parisdəki “Klamar” xəstəxanasında mənə məlumat verildi ki, əlilliyim “Napalm”ın inhalyasiyası nəticəsində yaranıb. Bu, fransız həkim polkovnikin müvafiq yoxlamalardan sonra verdiyi qərar idi. İki il əvvəl Hindistanın Banqalor şəhərində də həkimlər eyni nəticəyə gəldilər. Bu çirkli müharibə zamanı Kamerunda “Napalm”dan istifadə olunmadığı deyiləndə, başa düşə bilərsiniz ki, nəyə görə mənim hər şeydən böyük şübhələrim var”, - deyə o bildirib.
E.Mukam əlavə edib ki, fransız polkovnik həkim ona hazırda “Napalm”ın müharibədə istifadəsinin qadağan olduğunu bildirib. Eləcə də o, E.Mukama Kamerunda heç vaxt müharibə olmadığını söyləyib. E.Mukam isə həmin həkimə ölkəsində azadlıq müharibəsinin getdiyini desə də, onu buna inandıra bilməyib.