Bakı, 10 fevral, AZƏRTAC
BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-də “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü qeyd olunur. Həmin qətnamənin qəbulundan sonra “Kral Elmlər Akademiyası Beynəlxalq Etimad Fondu” (RASIT) tərəfindən dünya üzrə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə cəlb edilməsinə, müvafiq imkanların yaradılmasına irihəcmli vəsait yönəldilib. On il ərzində dünya üzrə 238 görkəmli alim qadın məruzəçi kimi cəlb edilib, 395 alim və mütəxəssisə felloşip təqaüdü verilib, elmə maraq göstərən 3279 gənc qızın tədqiqatları dəstəklənib, dünya üzrə 155 mindən çox tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O, RASIT haqqında geniş məlumat verərək deyib: “Bu qurum təhsil, yoxsulluq, səhiyyə, ətraf mühit və davamlı inkişafın digər bu kimi problemlərini həll etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, BMT qurumları, üzv ölkələr, beynəlxalq və regional hökumətlərarası təsisatlarla işləyən qeyri-hökumət təşkilatıdır. RASIT 2030-cu ilə qədər və sonrakı dövr üçün davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə elm, texnologiya və innovasiya sahələrində bərabərliyə, o cümlədən gender bərabərliyinə nail olmaq üçün səylər göstərir”.
“Bütün dünyada elm, texnologiya, innovasiyalar və gender bərabərliyi məsələlərinə aidiyyəti olan hər kəsin diqqətini çox mühüm problemə cəlb edən əlamətdar günün - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis edilməsinin bu il 10 illik yubileyidir”, - deyə akademik əlavə edib.