AZ

Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu

“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir”.

 Oxu24.com   xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.

“Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.

Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.

Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır”, - deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, bu yaxınlarda Nikolay Valuyev “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına və ölkəmizə qarşı təhqiramiz ifadələrə yer verib.

Seçilən
18
49
oxu24.com

10Mənbələr