“Bu cür silahlanma müharibə ehtimalını artırır”.
Bu fikri Ermənistan müdafiə nazirliyinin Hindistanda səfərdə olması, erməni tərəfinin yeni silahlar sifariş edəcəyi barədə iddiaların yayılmasını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan fürsətdən istifadə edərək prosesi öz xeyrinə dəyişmək istəyir:
“Ermənistan itirilmiş silahları ştat strukturuna uyğun bərpa etmək istəyirdi. Daha sonra isə Ermənistan əlavə silahlar da almağa başladı. Bu isə Azərbaycana qarşı təhdiddir. Son zamanlar Ermənistanda müxalif düşərgə revanşist çağırışlar edirdi, artıq sosial şəbəkədə də erməni seqmentinin bu yöndə fikirlər səsləndirdiyinin şahidi oluruq. Açıq şəkildə müharibə çağırışları edilir”.
Hərbi ekspertin fikrincə, Ermənistanın silahlandırılmasında Hindistan önə çıxır:
“Ermənistan müdafiə nazirliyinin nümayəndələri Hindistanda sərgidə iştirak edir ki, oradan yeni silahlar ala bilsin. Azərbaycan tərəfi də bunu nəzərə almalıdır. Onların aldığı silahlara alternativ silahlar alınmalıdır. Bu isə silahlanma yarışıdır və böyük pullar hesabına başa gəlir”.
“Bu cür silahlanma yaxşı nəticə verməyəcək. Müharibə ehtimalı artır. Ermənistanı tək başına idarə etmir. Ermənistanda Rusiyanın “beşinci kolon”u var və İrəvan son zamanlar Rusiya ilə Azərbaycan arasında olan gərginlikdən istifadə edir. Ermənistan fürsətdən istifadə edib real vəziyyəti təhlil edir və silahlanmasını daha da gücləndirir”.
Səxavət Məmməd