Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri son illərdə çoxsaylı siyasi və diplomatik sınaqlardan keçir. Ölkə daxilindəki geosiyasi qarşıdurmalar və beynəlxalq aləmdəki dəyişən dinamikalar, xüsusilə Avropa İttifaqı və Rusiya ilə olan münasibətlər, Gürcüstanın siyasi və iqtisadi sabitliyinə təsir göstərməkdə davam edir.
Bununla yanaşı, rəsmi Tbilisinin geosiyasi mövqeyi də beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynayır. Çünki Gürcüstan, Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin cəbhə xəttində yerləşir. Rusiya ilə sərhəd qonşuluğu, onu həm Avropaya, həm də Asiyaya açılan bir qapı kimi əhəmiyyətli edir. Bu səbəbdən, Gürcüstan hər iki tərəf ilə bərabər, balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Lakin həm Rusiya, həm də Avropa İttifaqı, Gürcüstanın öz maraqlarını qorumağa çalışan siyasətini müəyyən dərəcədə çətinləşdirir.
Mövzu ilə bağlı "Sherg.az"-a açıqlama verən politoloq Sultan Zahidov Gürcüstanın Avropa İttifaqı ilə olan əlaqələrinin cari vəziyyəti və gələcək perspektivlərindən, həmçinin Avropa Parlamentinin bu ilin fevralında qəbul etməyi planlaşdırdığı qətnamənin Gürcüstanda yaratdığı siyasi gərginliklərdən danışıb:
![](https://azertag.az/files/2023/2/1200x630/16864821632539151768_1200x630.jpg)
"Gürcüstan-Avropa münasibətləri hazırda özünün müsbət dönəmini yaşamır. 2020-ci ilin martında Gürcüstan rəsmən üzvülük üçün Avropa İttifaqına müraciət etdi. 2023-cü ilin dekabrında Avropa İttifaqı rəsmi Tbilisini üzvlüyə namizəd dövlət kimi tanıdı. Amma o vaxtdan bu günə kimi bir çox mühim hadisələr baş verdi. Ötən ilin payızında Gürcüstanda parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri Avropa İttifaqı tərəfindən tanınmadı. 2024-cü ilin noyabrında Avropa İttifaqının parlamenti seçkilərin nəticələrinin saxta olduğunu bildirdi. Bir il ərzində Gürcüstanda yenidən seçkilərin keçirilməli olduğunu söylədi. Bu ona dəlalət edir ki, Gürcüstanda Qərb ilə Rusiya arasında geosiyasi nüfuz konfrantasiyası davam etməkdədir. Tərəflər çalışırlar ki, maksimum şəkildə öz maraqlarını qorusunlar. Amma bu, Gürcüstandakı sabitliyə mənfi təsir edir. Avropa İttifaqının bu kimi qətnamələri əslində oradakı sabitliyə xidmət etmir, əksinə insanlar cuşa gələrək daha çox etiraz edirlər. Bu da ölkə daxilindəki təhlükəsizliyə mənfi təsir göstərir.
Reallıq bundan ibarətdir ki, Gürcüstan kiçik ölkə olsa da onun strateji əhəmiyyəti bir o qədər də böyükdür. Orta dəhlizin vacib bəndlərindən, Çin ilə Avropa arasındakı zəncirin isə əsas hissələrindən biridir. Rusiya ilə qonşuluğunu nəzərə alsaq Gürcüstan praqmatik siyasət yürütməlidir. Həm Qərb ilə, həm də Rusiya ilə bərabər münasibətləri saxlamalıdır. Gürcüstan bunu müəyyən qədər etməyə çalışır. Lakin Qərb dairələri, eləcə də Rusiya öz rıçakları vasitəsilə Gürcüstanın Qərb yönümlü addımlar atmasına imkan vermək istəmir".
Politoloq yanvar ayında Avropa Parlamenti İttifaqında olan müzakirələrə də diqqət çəkib. Eləcə də fevralın 13-də Avropa Parlamentində “Gürcüstanda siyasi vəziyyətin pisləşməsi haqqında” səsə qoyulacaq qətnamədən də danışıb:
"Yanvar ayında Avropa Parlamenti İttifaqında müzakirələr oldu. Bundan öncə qərara alındı ki, Gürcüstanda bəzi rəsmilərə, o cümlədən İrakli Kobaxidzeyə, Kaxa Kaladzeyə, İrakli Qaribaşviliyə qarşı sanksiyalar tətbiq olunsun.
Yanvarın 27-dəki müzakirələrdən sonra qətnamə qəbul olundu. Gürcüstan rəsmilərinin və diplomatlarının vizasız səfər rejiminin ləğv edilməsi qərara alındı. Bütün bunların müqavilində rəsmi Tbilisi Avropa İttifaqına üzvülüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırdı.
Fevralın 13-də Gürcüstanda siyasi vəziyyətin pisləşməsi haqqında qətnamə layihəsi səsə qoyulacaq. Həmin qətnamənin qəbul olunma ehtimalı var. Burada sadəcə Macarıstan faktoru var. Macarıstan əvvəllər də Gürcüstana qarşı sanksiyalara veto qoyacağını bildirmişdi. Rəsmi Budapeşt ilə rəsmi Tbilisi arasındakı münasibətlər çox yüksək səviyyədədir. Macarıstan Gürcüstanın, xüsusilə də Azərbaycanın qaz tranzitindəki əhəmiyyətini başa düşür. Bu da onun potensial qətnaməyə veto qoymaq ehtimalını artırır. Lakin bu, Avropa İttifaqının hansısa mövqeyini dəyişməyəcək. İttifaqının mövqeyi bəllidir. Gürcüstanda yenidən seçkilər keçirilməlidir.
Postsovet məkanına da fevralın 13-də qəbul olunacaq qətnamənin hansısa təsiri olmayacaq. Çünki Latviya, Litviya, Estoniyanı çıxmaq şərti ilə postsovet məkanına daxil olan ölkələr Avropa İttifaqının üzvləri deyil. Həm də oxşar qərarlar əvvəllər də parlamentdə səsləndirilib. Azərbaycanla da münasibətlərdə də qərəzli qərarlar verilsə də bunun çox da böyük ziyanı olmayıb".
Ekspert sonda parlamentin qərarlarının bir çox hallarda tövsiyyə xarakteri daşıdığını və məcbur etmə mexanizmlərinə malik olmadığını bildirib.
Azərbaycanla bağlı parlamentin verdiyi qərarı misal çəkərərək bunun Avropa Komissiyası və Azərbaycan mübasibətlərinə təsir göstərmədiyini söyləyib. Eləcə də sonda Gürcüstanla bağlı verilən qərarın böyük ajeotaj yaratmayacağını da qeyd edib.