Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirindən Rusiyanın ünvanına sərt tənqidlər səsləndirilib. AzTV sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında yenidən Azərbaycan-Rusiya münasibətlərinə toxunulub. Verilişdə Moskvanın Azərbaycan dövlətinə və xalqına qarşı bir sıra cinayətlər törətdiyi vurğulanıb.
Rusiya-Azərbaycan gərginliyi səngimir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandaçıları Nikolay Valuyev, Yevgeni Popov və s. vasitəsilə məsələni daha da dərinləşdirir.
Rusiya və Azərbaycan arasında əvvəllər də gərginlik olub. Bununla belə, tərəflər hər zaman ortaq məxrəcə gəlməyi bacarıb. Çünki prinsipcə Azərbaycanın heç bir qonşusu ilə münasibətləri gərgin saxlamaq niyyəti yoxdur, olmayıb. Böyük ehtimalla mövcud gərginlik də səngiyəcək. Lakin budəfəki gərginliyin əvvəlkilərdən əsas fərqi Azərbaycanın Rusiyaya olan inam və etimadının əsaslı surətdə sarsılmasıdır.
Müqayisə üçün deyim ki, bu gün İranla da vəziyyət belədir. Səfirliyimizə edilən hücum və Tehranın sərgilədiyi aqressiv xarici siyasət Bakının bu ölkəyə etimadını, inamını sarsıtdı. Hətta hazırda Tehran atmosferi yumşaltmaq istəsə də, Bakının etimadı, güvənini qazanmaq bundan sonra çətindir.
Aydın məsələdir ki, Rusiya-Azərbaycan və İran-Azərbaycan gərginlikləri tamamilə fərqli motivli idi. Amma hadisələr arasında paralellik apardıqda nəticənin eyni olduğunu görmək olar: Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq.
Rəsmi Bakı regional əməkdaşlığa hazırdır. Rusiya ilə iqtisadi, hətta gərginlik sonrası siyasi münasibətlər davam edəcək. Amma Bakı həm də Kremllə münasibətləri artıq yüz ölçüb, bir biçəcək. Əsl siyasətdə hər şey indi başlayır!
Turan Rzayev
Globalinfo.az