AZ

"Rusiya artıq NATO ölkələrinə qarşı ən yeni dronlardan istifadə edir" - ISW

 
"Rusiya Ukraynaya qarşı müharibə təcrübəsindən istifadə edərək PUA və REM vasitələrini fəal şəkildə inkişaf etdirir..."
 
Rusiya Federasiyası NATO-ya qarşı hibrid əməliyyatlarda ən son texnoloji yeniliklərdən istifadə edir, halbuki alyans hələ müdafiə qabiliyyətlərini yeniləmə mərhələsindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son icmalında qeyd olunub.
 
Hesabatda deyilir ki, rusiyalılar Ukraynaya qarşı müharibədə qazandıqları təcrübədən istifadə edərək pilotsuz uçuş aparatları (PUA) və radioelektron mübarizə vasitələrini fəal şəkildə təkmilləşdirir.
 
Analitiklər vurğulayır ki, Rusiya təkcə Ukraynada deyil, həm də NATO-ya qarşı hibrid əməliyyatlarda ən son texnologiyalardan istifadə edir. Ötən il ərzində NATO ölkələri Rusiya tərəfindən həyata keçirilən hibrid hücumlar və diversiya cəhdləri ilə daha tez-tez qarşılaşıb.
 
"NATO üzvü olan dövlətlərin Rusiya kəşfiyyat dronlarına qarşı mübarizə aparmağa çalışdıqları barədə xəbərlər alyansın müdafiə imkanlarının daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayır, çünki Rusiya Ukraynanın döyüş meydanında qazandığı təcrübədən istifadə edərək yeni texnologiyalar yaratmağa davam edir" , - icmalda deyilir.
 
Avropada Rusiya dronları
 
Dünən Almaniyada, Ukrayna hərbçilərinin təlim keçdiyi Şvezing aviabazası üzərində Bundesver naməlum pilotsuz uçuş aparatları aşkar edib. Ehtimal olunur ki, Rusiya həmin ərazidə casusluqla məşğuldur.
 
Bu aviabaza üzərində yanvar ayında altı dəfə şübhəli dronlar müşahidə olunub. Xüsusi radioelektron müdaxilə qurğularının tətbiqi belə Almaniya ordusuna həmin dronları endirmək və ya onların operatorlarını müəyyənləşdirmək imkanı verməyib.
 
Bundan əlavə, Rusiya və Böyük Britaniyanın artıq gizli "sualtı müharibə" apardığı məlum olub. Rusiyanın "Yantar" adlı kəşfiyyat gəmisinin Böyük Britaniya sahillərində fəal hərəkəti, Kremlin Qərb ölkələrinə qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığı ehtimalını gücləndirir.
 
Bundan başqa, sosial şəbəkələrdə Rusiyanın yeni ixtirasının- bambuk çərçivə üzərində qurulmuş və kamerayla təchiz edilmiş FPV-dronun görüntüləri yayılıb. Mütəxəssislərin fikrincə, bu cür dron magistral yolların kənarında yerləşdirilə və bir neçə həftə ərzində yanından keçən hər bir avtomobilin görüntülərini gizli şəkildə ötürə bilər.
Seçilən
3
moderator.az

1Mənbələr