“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Norveçin keçmiş baş naziri və Avropa Şurasının keçmiş baş katibi Turbyorn Yanqland ilə görüşü və ona orden verməsi, bu təşkilatın Ermənistanla gizli əlaqələrini və Azərbaycana qarşı apardığı uzunmüddətli kampaniyanın davam etdiyini göstərir”
Bu fikirləri AzNews.az-a açıqlamasında 122 saylı Xankəndi Seçki Dairənin deputatı Tural Gəncəliyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Norveçə rəsmi səfəri çərçivəsində Turbyörn Yaqlandla görüşünü şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Avropa Şurasının illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi təsadüf deyil:
“Bu təşkilatda hər zaman anti-Azərbaycan ab-havası mövcud olub, lakin xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu çirkin kampaniya daha açıq şəkildə aparılmağa başlayıb. Avropa Şurasının keçmiş baş katibinin Ermənistan rəhbərləri ilə görüşü, orada səsləndirilən fikirlər, təqdim olunan mükafatlar və ordenlər açıq şəkildə anti-Azərbaycan xarakteri daşıyır. Bu, birmənalıdır! Avropa Şurası guya demokratik dəyərlər və insan hüquqlarına hörmət prinsipləri üzərində qurulub. Lakin bu dəyərlərə sadiq qalmaq əvəzinə, təşkilat həmişə işğalçılıq siyasətinə dəstək verib”.
Millət vəkili bəyan edib ki, Avropa Şurası və onun parlament platforması olan Parlament Assambleyası (AŞPA) 30 il ərzində bir dəfə də olsun Ermənistanı açıq və qətiyyətli şəkildə qınayan, onun işğal siyasətini pisləyən və azərbaycanlıların hüquqlarının pozulmasını gündəmə gətirən ciddi bir sənəd qəbul etməyib.
“Ola bilsin ki, bəzi formal bəyanatlar səsləndirilib, lakin bunlar sistematik və konkret öhdəlik xarakteri daşımadığı üçün heç bir real təsir gücünə malik olmayıb. Bu gün Avropa Şurası və AŞPA kimi qurumlar artıq geosiyasi proseslərdən kənarda qalıb və nüfuzlarını itiriblər. Onların keçmiş və indiki rəsmilərinin Ermənistan rəhbərliyi ilə görüş keçirməsi və mükafatlar alması da bu qurumların təsirsiz olduğunu sübut edir. Bu görüşlər bir tərəfdən Avropa Şurasının nüfuzunun tükəndiyini göstərir, digər tərəfdən isə Ermənistanın revanşist siyasətini stimullaşdırmağa xidmət edir. Lakin bu cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan Cənubi Qafqazda formalaşmış geosiyasi reallığın dəyişməsinə imkan verməyəcək”-
deyə Tural Gəncəliyev açıqlayıb.