AZ

Münaqişə zonalarında jurnalistlərin öldürülməsi tarixi araşdırmalara necə təsir edir? QHT sədri ilə MÜSAHİBƏ

"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədov QHT.az-a MÜSAHİBƏSİ.

İsrail ordusunun son bir ayda fələstinli media nümayəndələrinə qarşı onlarla cinayət törətdiyi və yeddisini öldürdüyü bildirilir. Bu cür hadisələr münaqişə zonalarında baş verən hadisələrin sənədləşdirilməsinə, tarixi araşdırmalara və informasiya azadlığına necə təsir göstərir? "Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədov bu mövzu ilə bağlı QHT.az-a danışıb.

 

QHT.az: Jurnalistlərin münaqişə bölgələrində öldürülməsi hansı mənfi nəticələr doğurur?

Kənan Məmmədov: Media nümayəndələrinin hədəfə alınması tək insan haqlarının pozulması deyil, həm də informasiya azadlığına qarşı bir cinayətdir. 1949-cu il Cenevrə Konvensiyaları və BMT-nin 1738 saylı qətnaməsi açıq şəkildə bildirir ki, silahlı münaqişələr zamanı media nümayəndələri qorunmalıdır. Lakin təəssüf ki, bu hər zaman mümkün olmur. Bəzi hallarda hərbi əməliyyatların miqyası çox böyük olur, ona nəzarət etmək çətinləşir və bundan mülki əhali ziyan görür. Eləcə də bəzi silahlı qruplaşmalar mülki əhalidən və media nümayəndələrindən qalxan kimi istifadə edir ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxarır. Hesab edirəm ki, hərbi əməliyyatlar zamanı tərəflər sivil əhalinin və jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində əlavə tədbirləri gücləndirməlidir.

 

QHT.az: Bu hallar tarixi araşdırmalara necə təsir göstərir?

Kənan Məmmədov: Təbii ki, dünyanın harasında olursa-olsun, münaqişə zonasında media təmsilçilərinin öldürülməsi tarixi araşdırmaların düzgün və balanslı şəkildə işıqlandırılmasına çox mənfi təsir göstərir. Ən böyük problemlərdən biri hadisələrin sənədləşdirilməsinin məhdudlaşdırılmasıdır. Jurnalistlər münaqişə bölgələrində baş verən önəmli hadisələri sənədləşdirərək gələcək tarixi araşdırmalar üçün etibarlı mənbələr yaradırlar. Onların hədəfə alınması isə bu məlumatların toplanmasının qarşısını alır və hadisələrin real mənzərəsini tam ortaya qoymağı çətinləşdirir.

 

QHT.az: Belə halların qarşısını almaq və məlumatlandırmanı gücləndirmək üçün hansı addımlar atılmalıdır?

Kənan Məmmədov: Bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar, insan haqları qurumları və jurnalist birlikləri daha fəal mövqe tutmalıdır. Münaqişə zonalarında jurnalistlərin qorunması üçün beynəlxalq səviyyədə əlavə tədbirlər görülməlidir. Eyni zamanda, bu hadisələr barədə ictimai məlumatlandırma artırılmalı, jurnalistlərin hüquqları müdafiə olunmalı və onların təhlükəsizliyi ilə bağlı mexanizmlər gücləndirilməlidir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
12
qht.az

1Mənbələr