AZ

Bu qədər rusdilli məktəbin olmasına ehtiyac yoxdur: Bunlar bir növ dəb xarakteri alıb -RƏY

Son illər Azərbaycanda rus dilində təhsil alanların sayında artımın müşahidə edilməsi, cəmiyyətdə müxtəlif narahatlıqlara səbəb olub. Azərbaycanın müstəqillik əldə etməsindən sonra, ölkənin dil siyasəti Azərbaycan dilini əsas dil kimi təyin etməklə yanaşı, çoxdilliliyi də təşviq edib. Lakin son illərdə, xüsusilə bəzi şəhərlərdə və bölgələrdə, rus dilində təhsil alan tələbələrin sayı artıb. Bu, Azərbaycanın gələcəkdə həm daxili, həm də xarici əlaqələrində Azərbaycan dilinin önəmini azaltma riski yarada bilər. Belə bir dəyişiklik, həm də yerli mədəniyyətin və milli kimliyin təhlilinə təzyiq göstərmək potensialına sahibdir. Azərbaycanın bəzi məktəblərində rus dilində təhsil verən təhsil müəssisələrinin sayı artır. Bəzi valideynlər bu cür təhsil müəssisələrini, övladlarının daha geniş təhsil imkanlarına sahib olması və beynəlxalq səviyyədə müvəffəqiyyət qazanması baxımından daha əlverişli hesab edirlər. Amma bu, Azərbaycan dilinin daha az tədris olunmasına, gənclər arasında ana dilinə qarşı marağın azalmasına yol aça bilər.

Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, son dövrlər rus bölməsində övladının təhsil almasını istəyən kifayət qədər azərbaycanlı ailələr var: 

“Bunlar bir növ dəb xarakteri alıb. Yəni belə hallar məhz bu amillərdən irəli gələrək daha da artıb. 4400 çox fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisəsində 314-ü məhz rus bölməsinə aid olması gələcək baxımından düşünəndə təhlükəli vəziyyət və təhlükəli rəqəmdir. Çünki Rusiyanın imperialist yanaşmaları məhz rus bölməsi, rus dilinin hələ tədrisi varsa, ora bir növ öz ərazisi kimi yanaşması məsələsi var. Çünki bu yaxınlarda Rusiya Federasiyasının başçısı məhz Qazaxıstanda rusdilli məktəblərin olmasının və yaxud rus bölməsinin olması, o cümlədən, rusdilli millətin olmasını əsas gətirərək, sanki Qazaxıstanı da Rusiyanın ərazisində hesab edirmiş kimi fikir səsləndirirdi. Əlbəttə ki, bu, onu deməyə əsas verir ki, Rusiya hələ də o imperialist şər, mövqeyindədir. Düşünürəm ki, burada valideynlər diqqətli olmalıdır. Azərbaycanlı valideynlər çalışmalıdırlar ki,  Azərbaycan bölməsində təhsil alsın. Rus bölməsinə məhz rus dilini öyrənir deyə, yanaşmaq düzgün deyil. Çünki bu dövlətin təhsil siyasətinə, o cümlədən dövlətin siyasətinə ziddiyyət təşkil edir. Eyni zamanda, bu övladlarının gələcəkdə təhsil göstəricilərinə də təsirsiz ötüşmür. Məsələn, rus bölməsini Azərbaycan bölməsi ilə müqayisələndirsək, baxırıq ki, rus bölməsinin nəticələri Azərbaycan bölməsi ilə müqayisədə olduqca aşağıdır. Valideynlər bu amilləri nəzərə almalıdırlar. Bu qədər rusdilli məktəbin olmasına ehtiyac yoxdur. Rus bölməsi yalnız rusəsilli şəxslər üçün nəzərdə tutulub ki, bu da dövlətin tolerant yanaşmasından irəli gəlir. Yəni həmin ölkədə olan azsaylı slavyan xalqları, rusdilli xalqlar və onların nümayəndələrinin rus bölməsində təhsil almaları üçün bir növ dövlət imkan yaradır. Amma Azərbaycan vətəndaşlarının da bu istiqamətdə müraciətlərin çoxluğu əlbəttə ki, rus bölmələrinin yaradılması ilə nəticələnir ki, bu da doğru deyil. Dövlət də müəyyən tədbirlər alır. Məsələn, baxırıq ki, Azərbaycan vətəndaşıdır, rus bölməsində təhsil alıb və artıq öz dilini, öz tarixini, öz ədəbiyyatını unudur. Dövlət həm Azərbaycan dilini, Azərbaycan tədrisinə, o cümlədən tarixinin və ədəbiyyatının Azərbaycanda tədris olunmasına qərar verib və düşünürəm ki, bu da doğru qərardır”.
Seçilən
1
sherg.az

1Mənbələr