“Çox bəyənilməyə çalışan insanlar və gizəmli olmaq istəyənlər mənə çatmır. Deyir ki, bu çaydanı bura qoydum, bunun bir mənası var. Əslində, heç bir mənası yoxdur. Sadəcə, onu ora qoydun. Yəni nəyə lazımdır bu gizlilik sevgisi?”
Moderator.az xəbər verir ki, Musavat.com-un budəfəki qonağı gənc aktrisa Fidan Bayramdır.
Həmkarımız onunla son rol aldığı “Spinozanın tanrısı”ndan, gələcək arzularından və sevgi haqqında düşüncələrindən danışıb.
![FİDAN.jpeg (99 KB)](http://cdn.musavat.com/news/thumbnails/a80daa72c1e08888f105803e6f2fa86d.jpg)
- “Spinozanın tanrısı”nda “Fəza” obrazını canlandırırsınız. Film tamaşaçıya nə vəd edir?
- Mənim ilk bədii filmimdir və çox həyəcanlıyam. Məmnunam ki, ilk filmim sıradan bir iş deyil. Davamlı obrazımı müzakirə edirdik. Soruşurdum ki, niyə burada belə edir, burada niyə belə hərəkət edir? Qarışıq hisslər keçirirəm. “Spinozanın tanrısı” sevgi üçbucağı da deyil, gənclik filmi də deyil. Burada dərin hisslərin əksi daha çoxdur. Obrazların hər biri həyatdandır, heç biri mükəmməl deyil. Bu filmi “hisslərin rəqsi” adlandırmaq olar. Hər kəs fərqli hisslərlə ayrılacaq kinoteatrlardan.
- Mənə travmatik insanların yaşadığı məhəbbət kimi gəldi əslində...
- Əslində travması olan insanlar sevgidən qaçır. Özlərini qorumağa çalışır. Bizim personajlar sevgiyə açıqdırlar, sevgiyə dəyər verirlər. Bizim rejissorumuz Cavid Təvəkkülün sevgiyə dərin baxışı var. Bu, çox gözəl haldır. Filmə hərəmiz bir maraq qatmışıq. Bu filmdə insanlar real həyatdan ayrılıb, sevgi dənizində üzəcəklər. Sevgi dayaz deyil, olmamalıdır. Əvvəllər insanlar sevgi üçün ölümə gedirdi. İndi iki addım atmaq istəmir. Biz isə filmdə əsl sevgi hisslərini göstərmişik.
- “Fəza” ilə Fidanın oxşar və fərqli cəhətləri nələrdir?
- İkisi də gənc qızdır, ikisi də sevgiyə önəm verir. Lakin heç biri ideal deyil. Mən “Fəza”nı kəşf edəndə özümü kəşf etdim. “Fəza”nın da özünəxas zəiflikləri var. Mən “Fəza”nı araşdıranda, kəşf edəndə, onun necə olduğunu başa düşməyə çalışanda özümü başa düşdüm. Mən belə düşünürəm ki, bir “Fəza”dan əvvəlki, bir də sonrakı Fidan var. Çox istəyirəm ki, onu izləyən insanlara da təsir etsin. Mənim üçün həqiqətən də bir dönüşüm nöqtəsidir “Fəza”.
Mən “Fəza”nı qəbul edəndə başladım özümü qəbul etməyə. Özümün zəifliklərimi, qorxularımı Fəza ilə birlikdə qəbul etdim. O zaman dedim ki, əgər “Fəza”nı qəbul edə bilirəmsə, özümü də qəbul edə bilərəm. “Fəza”nı qəbul etdikdən sonra onu daha yaxşı anladım və mənə xeyir oldu ki, onu yansıda bildim.
- Bəs, “Fəza”nın edib, Fidanın edə bilməyəcəyi nələr var?
- “Fəza” Fidana görə daha təmizdir. Fidanın bir yaşanmışlığı var, mən “Fəza”nın Fidan qədər təcrübəsi olduğunu düşünmürəm. “Fəza” daha təcrübəsizdir. Təcrübəsiz olduğu üçün daha cəsarətlidir. “Fəza” Fidandan daha çox sevir həyatı.
- Mən müsahibələrdən öncə müsahiblərin sosial media hesablarına göz atıram, tanımağa çalışıram. Çünki sosial mediamız da bizi əks etdirir. Mən orada özünü qadınsal göstərən və soyuq Fidan gördüm. Amma məsələn, həyatda baxıram ki, daha istiqanlı bir Fidan var.
![FEZA.jpeg (119 KB)](http://cdn.musavat.com/news/thumbnails/51c5c8db9f6924e3aff7d023d624be22.jpg)
- Mənə çoxları deyir ki, kənardan soyuq görünürsən. Amma mən hər kəsə özümü göstərə bilmərəm. Mən insanlar tərəfdən sevilmək şeyini bir az aşmışam və insanların məni tanıdıqdan sonra necə qəbul edərsə, edər. Yəni ən yaxınlarım belə olsa, sən niyə bunu belə edirsən dedikləri halda mən öz istədiyimi edirəm. Çünki hər insan bizi tanımaq şansına layiq deyil. Mən istəyəndə sosiallaşıram. Bəlkə də qarşımda başqa jurnalist olsaydı, bu qədər istiqanlı olmazdım. Qarşımdakından da çox şey asılıdır.
- Belə başa düşdüm ki, soyuq qadın görünüşünü özünüz seçmisiniz?
- Bəzən insan özünü kənardakılara qarşı qorumaq istəyir ki, onu incitməsinlər. Mənim öz dünyam var, enerjimi özümə, işimə saxlayıram. Bizim hallarımız var deyə düşünürəm, sadəcə bir cür ola bilmərik. Çox bəyənilməyə çalışan insanlar və gizəmli olmaq istəyənlər mənə çatmır. Məsələn, mən bu çaydanı bura qoydum, bunun bir mənası var. Əslində heç bir mənası yoxdur. Sadəcə, onu ora qoydun. Yəni nəyə lazımdır bu gizəmlilik?
- Tamaşaçılar sizi “İmtahan” serialından tanıyır. Bu serial sizə nə qazandırdı?
- 20 yaşımda “İmtahan” serialına çəkildim. Birdən-birə tanındım. Mənə populyarlıq qazandırdı. Sosial mediada səhifə açdım. Mənim çox da öyrəşmədiyim bir şey idi o vaxt. Mən çox rahat idim orada, özümü olduğum kimi göstərirdim. Gördüm ki, insanlar bunu qəbul edə bilmirlər, onlar hər şeyi sənə deyə bilirlər, bu haqqı özlərində görürlər. Sonra başladım səhifəmi çərçivəyə salmağa. İnsanlar bizi olduğumuz kimi görməməlidir bəlkə də.
- Arzusunda olduğunuz obraz varmı?
- Çox çəkilmək istədiyim obrazlar var. Özümü hələ xaricdə çəkilməyə hazır görmürəm. Qətiyyən kiməsə qarşı fanatik deyiləm. Çox bəyəndiyimi sonra bəyənməyə də bilərəm. Rejissor Elxan Cəfərlə, İlqar Nəcəflə işləmək istəyərəm.
Mən bütün aktyorların yaxşı ola biləcəyini düşünürəm. Sadəcə, özünün yansıda bildiyi iş var, yansıda bilmədiyi iş var. Əslində hər iş təcrübədir bizə.