Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin əl işlərindən əldə etdiyi gəlirlər verciyə cəlb olunacaq.
FED.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik ediləcək. Belə ki, Vergi Məcəlləsinə 101.6-1 maddəsi əlavə edilir.
Həmin maddəyə əsasən əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Başqa sözlə, əlillərin əl işlərindən əldə edilən gəlirlərin tam dövriyyəsindən vergi tutulacaq. Daha sadə desək, əgər gəlirlərdən xərclər çıxılıb, daha sonra vergiyə cəlb olunsayda, vergi məbləği daha az olacaqdı.
Əvəzində ələllərin əl işlərinin satışının bir hissəsi üzrə sosial sığorta ödənişi – DSMF-ə ödənişlər edilməyəcək. “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlər sosial sığorta ödənişinə cəlb edilmir. Başqa sözlə, dəyişiklik layihəsindən belə məlum olur ki, əlillər öz əl işlərini hökumətin yaratdığı internet saytı vasitəsilə satdıqda həmin hissədən DSMF ödənişi tutulmayacaq. Əl işlərinin satdan kənar satışından DSMF ödənişinin tutulub-tutulmayacağı dəqiqləşirilmir.
Bəs söhbət hansı internet saytdan gedir?
Hökumətin bu sahəhə fikirləşdiyi yeniliyə əsasən əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün ayrıca sayt - elektron portal yaradılacaq. Əl işlərini satmaq istəyən əlillər portalda qeydiyyatdan keçəcək. Bu sayt vasitəsilə işlər satılanda əvvəlcə əldə olunan gəlirdən vergilər avtomatik çıxılacaq, qalan məbləğ isə əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək.
Portalın yaradılması vergi ödənişi prosesini sadələşdirəcək. Belə ki, bu portalda da qeydiyyatdan keçmiş əlillərin ayrıca olaraq vergi orqanlarında qeydiyyatdan keçməsinə, vergi hesablamasına, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etməsinə ehtiyac qalmayacaq. Bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.