Avstriya artıq Rusiyadan qaz tədarükü üçün müqavilələr bağlamağı planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
"Şaxələndirmə üçün bizə vaxt lazım idi. İndi Rusiya səhifəsi bizim üçün bağlanıb", - o qeyd edib.
A.Ştern, həmçinin qeyd edib ki, hazırkı qaz bazarı şəraitində mayeləşdirilmiş təbii qazın (LNG) mənşəyini dəqiq izləmək mümkün deyil. Bununla yanaşı, o, konsernin yalnız qeyri-rus tərəfdaşları ilə LNG tədarükü müqavilələri bağladığını vurğulayıb.
Şirkət 2024-cü ilin dekabrında "Qazprom eksport" ilə Avstriyaya qaz nəqli müqaviləsinin ləğv edildiyi barədə məlumat verib. Tədarükün özü isə hələ noyabrda dayandırılıb.