Son illərdə televiziya verilişlərində estetik cərrah və həkimlərin ardıcıl olaraq reklam edilməsi geniş yayılmış tendensiyaya çevrilib. Mütəxəssis olub-olmamasından asılı olmayaraq, bəzi həkimlər efir vaxtını satın alaraq özlərini “peşəkar” kimi tanıdır, nəticədə isə tamaşaçılar onların xidmətlərinə etibar edirlər. Bu cür verilişlər və ödənişli reklamlar insanlarda yanlış təəssürat yaradır, çünki ekranda özünü təbliğ edən hər bir həkim peşəkar deyil.
Mediada görünmək bir çox insan üçün etibarlılıq rəmzi kimi qəbul edildiyi üçün tamaşaçılar həmin həkimlərə inanır, onlara müraciət edir və nəticədə həm maddi, həm də sağlamlıq baxımından ciddi zərərlərlə üzləşirlər. Yanlış prosedurlar, uğursuz əməliyyatlar və peşəkarlıqdan uzaq müdaxilələr insan həyatını riskə atır. Bu problemin qarşısının alınması üçün televiziyalarda həkimlərin və estetik cərrahların reklamlarına ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır.
Yenisabah.az məsələni tanınmış aparıcı Kamran Həsənli ilə müzakirə edib. O, bildirib ki, Azərbaycanda televiziya sənət və informasiya vasitəsi olmaqdan çıxıb, bir neçə şəxsin nəzarətində olan gəlir mənbəyinə çevrilib:
“Əsas məqsəd isə keyfiyyətli proqramlar hazırlamaq deyil, gəlir əldə etməkdir. Bunun üçün hər sahədən insanları, hətta sahəsinə uyğun olmayan şəxsləri belə efirə çıxararaq, reklam və sponsorluq müqabilində pul qazanırlar. Televiziya bir elm, bir sənətdir. Onun arxasında dərin bilik, intellekt, auditoriyaya hörmət, cəmiyyətə fayda vermək kimi ali məqsədlər dayanmalıdır. Ancaq bu gün televiziya sahəsində peşəkarlar kənarda qalıb, işi bilənlər deyil, daha çox qazanc əldə etməyə çalışanlar meydanı zəbt edib.Bəziləri televiziya məzmununun keyfiyyətsiz olmasını tamaşaçı zövqü ilə əlaqələndirir, “camaat buna baxır” deyə əsaslandırırlar. Halbuki, tamaşaçının zövqünü formalaşdıran məhz mediadır. Keyfiyyətli, intellektual proqramlara üstünlük verilsə, auditoriyanın tələbatı da bu yöndə inkişaf edər. Bu vəziyyət 90-cı illərdə Azərbaycan və Türkiyə arasında sərhədlər açıldıqda ortaya çıxan “rus bazarı”nı xatırladır. O zaman insanlar Türkiyəyə gedib köhnə ütü, samovar və digər istifadəyə yararsız əşyaları satmağa çalışırdılar. Bugünkü televiziya da elə bir bazara çevrilib – köhnə ideyalar, dəyəri olmayan mövzular, qeyri-peşəkar yanaşma efiri zəbt edib”.
K.Həsənli onu da vurğulayıb ki, tənqidlərə, sosial mediada səslənən iradlara baxmayaraq, bu sahədə dəyişiklik hiss olunmur:
“Peşəkarlıq, məsuliyyət və keyfiyyət prinsipləri arxa planda qalıb. Halbuki, televiziya yalnız gəlir əldə etmək vasitəsi deyil, eyni zamanda cəmiyyətin inkişafına xidmət edən güclü bir platformadır. Bu anlayışın geri qaytarılması isə media rəhbərlərinin məsuliyyətindən və tamaşaçıların tələbindən asılıdır.
Ancaq burada məsuliyyətdən danışmağa yer yoxdur. Çünki sosial şəbəkədə onları söyürlər, ağır ifadələr, təhqirlər işlədirlər. Ancaq səsləri çıxmır. Əvvəl bir söz var idi, deyirdilər sifəti sanki “padoş”dur. Ayaqqabının altı mənasında işlənir. Əvvəl bu materialdan ayaqqabılar var idi və nə qədər geyinilsə də, köhnəlmirdi. Bu aparıcıların da sifəti “padoş”a dönüb. O qədər söyüşləri qəbul edən insanlar üçün hansı məsuliyyətdən danışmaq olar?! Onlar məsuliyyət sözünün mahiyyətini belə bilmirlər”.
Aytac Şahin
Telegram kanalımız