AZ

Dağların aslanı-kapitan Mahmud TOP

Azərbaycanımın dəyərli oxucuları!

Uzun ayrılıqdan sonra sizin görüşünüzə “Öncə VƏTƏN” layihəsiylə gəldim.

Bu layihəyə Türkiyə mətbuatında Azərbaycan şəhidlərimizin tanıdılması ilə start verilib.

Azərbaycan mətbuatında daTürkiyənin şəhid övaldlarının yarımçıq qalan həyat hekayələri ilə sizləri tanış etmək, onları daha yaxından tanıtmaq istəyirəm.

ŞƏHİDLİK-ucadan uca bir zirvədir.

ŞƏHİDLİK- o zirvəni fəth edənlərin yüksək məqamıdır.

ŞƏHİDLİK- Vətən torpağının ağuşunda əbədi yuxuya dalmaqdır.

ŞƏHİDLİK-Cənnət çiçəkləriylə bəzənmiş bir məkana sahib olmaqdır.

Bütün bu saydıqlarıma sahib olan, “Öncə VƏTƏN”in Azərbaycanda ikinci qəhrəmanı dağlarda PKK terrorçularının  Əzrayılına çevrilən, ŞƏHİD  kapitan Mahmud Topdur.

Hər ŞƏHİDİN yarımçıq qalan çox maraqlı həyat hekayəsi var. Hər hekayə onları daha yaxından tanımağımıza vəsilə olur.

Çox heyif ki, bəzi mətbu orqanları ŞƏHİDLƏR haqqında yazılan məqalələri, müsahibələri yayımlamaq üçün müəyyən yazı həcmi tələb edirlər. O həcmdən çox olan yazılar ya yayımlanmır, ya da müəllifdən yazını qısaltması tələb olunur.

 ŞƏHİD mövzusu elə bir mövzudur ki, onun həcmi olmur, necə ki,şəhadətlərinin həcmi yoxdur.

Mən ŞƏHİD haqqında qısa yazı yaza bilmirəm.

Qəhrəman ŞƏHİDİMİZ kapitan Mahmud Top haqqında nə qədər qısa yazmağa çalışsam da alınmadı, məni üzürlü sayın.

“Bu məmləkət dünyanın gözləmədiyi, əsla ümid etmədiyi bir müstəsna mövcudiyyətin uca

təzahürünə yüksək səhnə oldu.Bu səhnə ən az 7 min illik bir Türk beşiyidir. Beşik təbiətin rüzgarları ilə silkələndi; beşiyin içindəki uşaq təbiətin yağışı ilə yuyundu. O uşaq təbiətin  şimşəklərindən, ildırımlarından, qasırğalarından əvvəlcə qorxan kimi oldu; sonra onlara alışdı; onlari təbiətin babası olaraq tanıdı, onların oğlu oldu.

Bir gün o təbiət uşağı təbiət oldu; şimşək, ildırım, günəş oldu; TÜRK oldu. TÜRK budur- ildırımdır, qasırğadır, dünyanı aydınladan GÜNƏŞDİR.”

Türk Cümhuriyyətinin qəhrəman ŞƏHİDİ Jandarma kapitanı Mahmud Top haqqındakı bu yazımı Mustafa Kamal Atatürkün türklər haqqında söylədiyi bu möhtəşəm fikirlərlə başlamaq istədim.

Bəli, TÜRK öz varlığı ilə dünyaya Günəş kimi şəfəq saçan, millətindən, dinindən, irqindən asılı olmayaraq, dara düşənin əlindən tutan, bu dünyada müharibəyə, qətliama, ədalətsizliyə hər zaman qarşı çıxan, zalıma düşmən, fağıra dost olan insandır.

Bu gün haqqında söhbət açacağım qəhrəmanımız Vanın Çatak mahalının çöl sahəsində 3 terrorçunun zərərsizləşdirildiyi Yıldırım-10 Norduz əməliyyatında ŞƏHİD olan Jandarma kapitanı Mahmut Top da TÜRKÜN bu keyfiyyətlərini özündə əxz edərək yaşadı, təhsil aldı və sonunda dövləti, vətəni, milləti, xalqı yolunda canını qurban verdi.

Kursant yoldaşı və yaxın dostu olmuş baş leytenant Aytaç Kaya Hatayda ŞƏHİD olanda Mahmut Top onun qisasını almaq üçün bu əyalətə təyinini istəyir.

Terrorçular öldürüləndə o, Kayanın şəklini pulqabısından çıxararaq “Rahat yat, dostum, qisasını aslanlarınla ​​alırıq” deyir və ruhuna Fatihə oxuyur.

Kapitan Mahmut Top Hakkaridən Muğlaya təyin edilərkən ŞƏHİDLƏRİN qisasını almaq üçün könüllü olaraq Hatayda qəhrəmanlıq səlnaməsinə imza atıb.

Türkiyə Jandarma Özəl Hərəkatda (JÖH) bölük komandiri, 11 il dağlarda ön cəbhədə terrorçulara qarşı döyüşən, onlarla terrorçunu zərərsizləşdirən, iki mütəxəssis çavuşu ilə birlikdə terrorçularla döyüşdə ŞƏHİD olan kapitan Mahmut Topun qəhrəmanlığı dildən-dilə düşən dastana çevrilib.

Türkiyənin keçmiş Daxili İşlər naziri Süleyman Soylunun Mahmud Top haqqında dediklərinə nəzər salaq:

“Növbəti əməliyyatda üç terrorçudan biri döyüş vaxtı ölmür. Qəhrəman kapitan Mahmut Top yenə də hər zaman olduğu kimi yanında olan silahdaşlarından kimsəni mağaraya girməyə qoymur. “Mağaraya mən tək girəcəyəm” deyir.

Qəhrəmanlığını hər kəsin söylədiyi Mahmut Top mağaralara həmişə nə jandarma zabiti, nə də mütəxəssis çavuşla  daxil olmayıb. “Mən gedəcəm” deyib qəhrəman Vətən övladı.

Sezər Uçar və Yusuf Uyar himın vaxt baş çavuşlarımız komandirlərini tək qoymurlar. Mağarada iki düşmənin   zərərsizləşdirildiyini görürlər.  Başlarını qayanın arxasından çıxaran zaman, sağ qalan bir terrorçu onların üçünü də öldürür. Qəhrəmanlarımız ŞƏHİD olurlar. Sonra çaşqınlıq yaranır, terrorçu çətinliklə də olsa mağaradan çıxa bilir. Əsgərlərimiz köpəklərlə bərabər düşmənin izinə düşürlər. Bir gölə girib qaçmaq istərkən, igidlərimiz onu ələ keçirirlər.

Cəmi 200-300 metr aralıda düşmən sığınacaqları bombalanır. Yaxalanan Sərvət Turqut deyir ki, sizin adamlara qəsd edən mən deyiləm, Osman Şivandır. Osman Şivana xəyanət edir və bizimkilər Osman Şivanı da yaxalayırlar. Üç şəhidimiz birinci vertolyotla , 2 terrorçu- Servet Turgut ve Osman Şivan olduqları yerdən alınaraq dövlətə təslim edilmək üçün başka bir vertolyotla aparılırlar.”

“Amanosları(dinsizlərin dağı) PKK-çılara cəhənnəm edən Mahmud Top 2016-cı ildə “Mazlum Polat” kod adlı İskəndər Doğruəri Bələn çölündə qətlə yetirir.

 Kursant yoldaşı və dostu Baş leytenant Aytac Kayanın qatilləri olan  PKK terrorçuları “Mahsum Sozdar” kod adlı Sinan Ağgöz, “Siyabent Varto” kod adlı Kudbəttin Gündüz, “Sabri Doğan” kod adlı Məhmət Arif Atəş, “Serfəraz Cudi” kod adlı Firaz Xəlil, “Dılkeş Dersim” kod adlı Baran Gülümsər, “Dəlil Antep” kod adlı Murat Bilgiç, “Gabar Feraşin” kod adlı Nazim Işıklını bir  il içərisində təşkil etdiyi əməliyatlar zamanı zərərsizləşdirərək, dostunun və bu qatillərin əllərində qanı olduqları bütün ŞƏHİDLƏRİN qisasını alır.”

(Sırrıberk Arslan “Çakalların ömrü kurtlar ayağa kalkana kadar. Sabah gazetesi.)

14 Eylül 2020)

Mahmud kapitanın haqqında sosial şəbəkələrdə zabit yoldaşlarının, əsgərlərinin onun haqqında yazdıqları xatirələri oxuduqca, bu igidin həqiqətən də bir qəhrəman, bir mələk xislətli insan olduğuna bir daha əmin oldum.

Şəhidimizin ailəsi ilə, onun şəhadətinin 4-cü ildönümü münasibətilə təşkil edilən mərasimdə tanış oldum. Bu tanışlığımıza ŞƏHİD əsgər Əmrə Kaan Arlının atası  Şaban bəy vəsilə oldu.

Həyat yoldaşı Kübra xanımla başqa bir gün evlərində görüşüb, ŞƏHİDİMİZİN həyat hekayəsi ilə daha yaxından tanış olmağı qərarlaşdırdım.

Görüşdük. Şəhidimizin evində, otaqların hər birində onun ruhu, onun xatirələri insanı salamlayırdı.

Qaynanası Gülşən xanım, baldızı Buşra xanım, eləcə də ŞƏHİDİMİZİN vəfalı həyat yoldaşı Kübra xanım danışdıqca, kapitanla bağlı xatirələr mənim gözlərimin önündə kinolenti kimi canlanır, yavaş-yavaş onu daha yaxından tanımağa başlayırdım.

ŞƏHİDLƏRİMİZİ fərqli qılan çox xüsusiyyətləri  var.

Ailə üzvləri danışdıqca, özümü Mahmud kapitanı, sanki illərdir daha yaxından tanıyırmışam kimi hiss edirdim.

Övladları 7 yaşlı Hilal Başak və 6 yaşlı Gökhan Korkut tez-tez yanımıza gəlir, bəzən diqqətlə söhbətimizə qulaq verir, bəzən də otağda qovdu qaçdı oynayırdılar.

Atalarının ŞƏHİD olduğunu bilirlər, onunla qürur duyurlar. Amma hələ onun necə bir qəhrəman olduğunun fərqinə varmaq üçün uşaqdırlar.

Söhbətimizə girişə igidimizin qaynanası Gülşən xanımla başladıq.

“Mahmud mənim kürəkənim yox, oğlumdu. O qədər diqqətli, ailəcanlı bir insan idi ki. Bizimlə olduğu zamanlarda bircə dəfə də olsun, aramızda nə bir anlaşılmazlıq, nə bir inciklik olmadı.

Səmimiyyəti, insanlara sevgisi, mərhəməti ilə hamının sevgisini qazandı.Qızımın belə bir insanla həyatını birləşdərməyi məni də, həyat yoldaşımı, kiçik qızımı da sevindirirdi. Biz çox xoşbəxt ailəyik. Bizim Mahmud kimi bir övladımız var. Bəli var, inanın bəzən elə bilirik ki, yenə də dağlarda, işinin başındadır.”

Türk qadını əsrlər boyu çox imtahanlardan çıxıb, çox mübarizələrdən keçib. Elinin-obasının igidləri ilə bərabər, Vətən qeyrəti, torpaq təəssübünü çəkərək qanlı döyüşlərdə, ataları, qardaşları, ərləri ilə çiyin-çiyinə döyüşüb.

Bəzən də, müharibədə olan başı papaqlı igidləri arxa cəbhədə, ən çətin, ağır kişi işlərində əvəz edib.

Türk qadını qəhrəmanlığı ilə yanaşı, çağdaş dövrümüzdə dərin zəkası, elmi, biliyi ilə müxtəlif güc strukturlarında, texnologiya sahəsində də  öz hünərini göstərir.

Türk qadını ŞƏHİD anası, ŞƏHİD xanımı olaraq bugün xalqının, vətəninin ŞƏHİDİNİN adını şərəflə qoruyur, onlardan yadigar qalan övladları göz bəbəyi kimi qoruyaraq, atalarının adına layiq böyüdüb, tərbiyə edir.

Kübra Top da o xanımlardandır. Bu məqalə üzərində çalışarkən ŞƏHİDİMİZİN şəkillərinə baxırdım. Diqqətimi kapitanın məzarının yanında bır məzar  çəkdi.

Məzar daşının üzərində belə yazılıb:

“Şehit Mahmud Top eşi Kübra Top için ayrılmışdır”.

Bu sözlər içimi parçaladı. Onların sevgi hekayəsini Kübra xanımdan dinlədikcə, bu məzar yerinin nədən ŞƏHİDİMİZİN məzarının yanında salındığını anladım.

Kübrayla Mahmudun eşq hekayəsi qızın yaxın rəfiqəsinin vasitəsiylə baş tutub. Onun nişanlısı ilə Mahmud dost olublar.  

Qəlbi sevgi dolu olan Mahmudla Kübra üç ildən sonra evləniblər:

“O zaman mən Sakaryada, Mahmud isə Hatayda idi.Onunla tanış olduqdan sonra çox ayrılıq həsrəti çəkdik. İstər məsafələr, istərsə də  xidməti vəzifə baxımından. Həyat qarşımıza bizdən asılı olmayan çox imtahanlar  çıxardı. Onların hamısına birlikdə sinə gərdik.

Həmişə mənə “ bizim  həyatımız çətin-sənin həyatın çətin, mənim həyatım çətin” deyərdi. “Bundan sonrakı dərdimiz nə olacaq?” deyərək bəzən zarafat  edərdi.

O tam bir dərd ortağı idi. Evlənmədən öncə çox vaxt sadəcə telefonla danışardıq.

Aramızda şəhərlərarası məsafə çox uzaq idi. Onun telefondan gələn səsi belə, insana dərdləri unutdururdu.İcazə verildiyi zaman gəlir, görüşürdük. Bir-birimizə düşkünlüyümüzü görən dostlarımız bizə “Leyliylə Məcnun, “Kübrayla Mahmud” deyib gülüşərdilər.

Mənə “xatunum”deyərdi.  Beş il evli olduq, amma sanki otuz ilin evliliyini yaşadıq. Bunu həmişə öz aramızda deyər, bu xoşbəxtliyimizə zaval gəlməməsini Allahdan arzulardıq.

Evlənmədən öncə təkrar-təkrar məndən “hərbiçi xanımı olmağın nə qədər çətin olduğunu bilirsənmi?O ki olsun mənim kimi çətin peşə sahibinin həyat yoldaşı olmaq. Mənimlə evlənmək fikrindən əminsənmi?” deyə soruşardı.

Toyumuzda çalğı olmadı. Bunu özü istədi.Şəhid dostlarımın acısı içimdəykən, hər yerdə od, atəş varkən, mən toyumu çalğıyla keçirə bilmərəm.”dedi. Onun fikrini hörmətlə qarşıladım, təkid etmədim.

Hamımız evdə oluqda heç vaxt tək yeməyə oturmazdı. “Siz olmadan mən süfrəyə otura bilmirəm” deyirdi.

Hər şeyi bərabər birlikdə etməyi sevərdi. Gəzməyə gediləcəksə bərabər getməliydik, hətta evdə təmizlik işlərinə qədər bizimlə birlikdə görməyi sevərdi.”

Kübra xanım danışır, danışdıqca qəmli gözlərindən sanki atəş saçılırdı. Bu idi dəli sevda, bu idi yarımçıq qalan eşq hekayəsinin işıltısı:

“Mahmud çox mərhəmətli, çox xeyirxah, sadə, səmimi bir insan idi. Darda olana yardım etməyi, onu bu çətinlikdən çıxarmağı çox sevərdi. Kimsənin ehtiyac içərisində, çətin şəraitdə yaşamasını istəməzdi. İnanın imkanı olsaydı, ehtiyacı olan kimsəni, darda qoymazdı. İlk baxışda çox ciddi, zəhimli görünürdü. Amma o qədər yumşaq, o qədər geniş ürəyi var idi ki. Bu insan paxıllıq, həsəd, yalan nədir bilməzdi. Dininə, imanına çox bağlı idi. Şəhadətindən sonra zabit dostlarından eşitdim, Hatayda üç imkansız  ailəyə hər ay yardım edirmiş. Heç vaxt etdiyi xeyirxahlıq haqqında danışmağı sevməzdi.

Bir gün marketdəydik. Baxdım ki, bir orta yaşlı qadın ərzaq vitrinin önündə qalıb, nəsə almaq istəyir. Amma görünür ki, imkanı yoxdur.

Mahmud bir az onu müşahidə etdi.Sonra qadına yaxınlaşaraq”bacım, almaq istədiyiniz nə varsa alın, çəkinməyin. Məbləğini mən ödəyərəm.”

Qadının gözlərindəki o sevinç işartısını heç vaxt unutmaram. Bizə nə qədər dua etdi, ilahi.

O an Mahmud mənim gözümdə daha da ucaldı.”

Gülşən xanım, yenidən söhbətimizə qoşulur:

“İnanın Mahmud haqqında saatlarla danışsaq yenə də vaxt yetməz. Sanki bizdən çox tez ayrılacağını bilirmiş kimi, özündən sonra bizi yaşadacaq xatirələri, yuxuları saxladı.

Nəsə bir çətinlik və ya problem olanda məni üzüntülü görən kimi, o dəqiqə “ay ana, nəyin dərdini çəkirsiniz, heç narahat olmayın, həll edəcəyik tezliklə.”deyərdi.

Onun bu diqqətcilliyinə elə alışmışdıq ki…

Yeni şəhadətə ucalmışdı. Bir gün yuxuda gördüm ki, hazırlıq görürəm, onun sevdiyi yemekləri hazırlayıram. Onu gözləyirik, o da gəlmir.  Qanım qaralıb.Kübra mənə deyir ki, “Ana, narahat olma, Mahmud gəlib,bizimlə görüşüb gedəcək. Həqiqətəndə, çox keçmir qapı döyülür və Mahmud gəlir, bizimlə qucaqlaşır. Vidalaşaraq Suriyaya gedəcəyini deyir”.

Yuxuda belə, diqqətindən, sevgisindən  uzaq durmur.

Bayaqdan səssizcə oturub, qəmli-qəmli bizi izləyən  Kübranın kiçik bacısı Büşra xanım kövrək səslə danışmağa başladı:

“Biz ilk vaxtlar Mahmud qardaşımla bağlı keçmiş zamanda danışmırdıq. Başqaları da onun haqqında keçmiş zamanda danışanda əsəbləşirdik, çünki onu hər an yanımızda hiss edirdik. Yenə də belədir. Bəzən evdə, bəzən yolda sanki bu insan bizimlə bərabər masaya oturur, bizimlə bərabər gəzir, dolanır. Keçmiş zamanda danışsaq da, sanki həyatda olan insanlar haqqında necə ki, bəzən keçmiş zamanda danışırıq, eləcə də, onun haqqında danışanda onun həyatda olduğunu hiss edərək, danışırıq.

Bir gün bacım yuxuda Mahmud kürəkənimlə danışırmış. “Xatun, anama zəng vururam, telefonuna zəng çatmır.Bir maraqlanın, nə problem var?” deyir.

O vaxt həqiqətəndə anamın telefonunda problem olduğu üçün, tez-tez sönürdü. Yuxudan oyandığımızda anamın telefonunun həqiqətən də bağlı olduğunu gördük.Onun “Maraqlanın” sözünə əməl edib, gedib anamıza yeni telefon aldıq.

Çox qəribə yuxuluğu var Mahmud qardaşımın, sanki hərəkətləri, sözləri ilə insanı idarə edir.

Kimin yuxusuna girirsə, biz də daxil, gerçək həyatdaymış kimi hiss edirik. Çox vaxt da bu yuxunun bitməsinə heyfslənirik. Kaş ki, bu gerçəyə bənzər yuxu bitməsə, kaş igidimiz bizə yol göstərsə, məsləhət versə…Bu “kaş ki”lər, olmasa.

“Yoldaşım, bizim heç tanımadığımız və ya uzaqdan tanıdığımız insanların yuxusuna da eynilə gerçək kimi girir. Tanış bir mebel ustası var. Atası bir gün yoldaşımın şəklini onun telefonunda görür. Kim olduğunu soruşduqda, usta “ata, bu bizim ŞƏHİD kapitanımız Mahmud Topdur”deyir. Atası çox kövrəlir. Gecə Mahmud onun yuxusuna girir. Həmin adam onu gördükdə duygulanır, ağlayır. Mahmud da ona “əmi, bu qədər qəmlənib, narahat olma. Mən Şırnaka təyinat almışam. Artıq orda olacağam” deyərək, ona təsəlli verir.

Mahmudun yuxularını danışsam, inanın elə onlardan bir roman yazarsınız.”

ŞƏHİD xanımının bu həyəcan dolu sözlərindən sonra, həqiqətən də, Mahmud kapitanın yuxuları diqqətimi çox çəkdi.

Gülşən xanım, onunla bağlı daha bir maraqlı xatirə danışdı. Dedi ki, bir gün Mahmud Kübraya “Büşra bir gün ailə qursa, onun həyat yoldaşını məndən çoxmu sevərsiniz? Özü doktordur, yoldaşı da doktor olar. Qısqanıram, ha. Deyim bilin” deyə zarafat edib. Hər yerdə deyərdi ki, Kübranın ailəsi çox fərqlidir. Onları anam, atam, bacım bilirəm. Mənə çox dəyər verirlər, ərköyünləşdirirlər. Onu belə çox sevməyimiz xoıuna gəlirdi.

Mənim onlara qulluq etməyimə heç ürəyi gəlməzdi. Mən çay gətirmək istəyəndə,”xatun, sən anama zəhmət vermə, çayı sən gətir. Əslində, özü də çayı ala bilirdi, amma xanımının əlindən çay içməyi sevərdi.”

Büşra xanım, yenidən söhbətə qoşulur:“Mahmud qardaşım, toy günü bacımı Şadlıq sarayına aparmağa gəldiyində, inanın mən şok oldum. Gəlin maşınında ŞƏHİD mahısı “Dağlıca” oxudurdu. Maşınını yeni almışdı. Gəlin maşını öz maşını idi. Mən ona “Mahmud qardaş, niyə gəlin maşınında bu mahnını açmısınız?” deyə soruşduqda “qızım, yaddaş kartımda təkcə bu var” deyə qəmli-qəmli cavab verdi. Sualıma görə, utandım.

Toylarında da musiqi, şənlik olmağa izin vermədi. “Bu qədər ŞƏHİDİMİZ varkən, mən toyumda halay çəkə bilmərəm” deyə düşünmüşdü, igid qardaşım. Bəli, qardaşım.Mahmud mənə əsl qardaş idi. Özü getdi, indi də yuxularında məni, ailəmizi qoruyur.

Mənim bir rəfiqəm var. Mahmud qardaşım ŞƏHİD olduğundan bəri, bizi heç vaxt unutmadı. Tez-tez uşaqlara hədiyyələr gətirir, onları sevindirməyə çalışır. Bir gün o qızın yuxusuna girir.

Avtobusla harasa gedirik, rəfiqəmlə. Kürəkənimdə o avtobusdaymış. Arxa oturacaqdan,əlini bizim çiynimizə qoyaraq deyir ki, “qızlar, mən hər zaman sizin arxanızdayam”.

Onlar danışır, mənimsə nəzərlərim otağda dolaşırdı. Sanki, Mahmud kapitan da bizimlə bərabər bu söhbəti dinləyir, dinlədikcə də necə sevildiyinə bir daha əmin olurdu.

Uniformasını həmişə özü ütüləyərmiş,başqa geyimləri isə yoldaşı. Çox sevərmiş uniformasını ütüləməyi. Eləcə də, çox dəyər verərmiş hərbi formaya. İşdə olmadığı vaxtda bir yerə gedərkən, mülkü geyimdə çıxarmış. Deyərmiş ki, “bu forma mənim ləyaqətimdir. Birdən küçədə, yolda nəsə bir tərs hərəkət edən kimsəylə qarşılaşaram, əynimdə forma varkən, müdaxilə edə bilmərəm.

Müdaxilə etsəm, formama hörmətsizlik  etmiş olaram.”

Kapitan Mahmud Top zabit yoldaşları, əsgərləri üçün bir igidlik məktəbi idi.

“Bəzən onun insan olduğuna şübhə edərdik, Mahmud komutan bir mələkdi, mələk. Onun kimi insan, onun kimi zabit bir də nə vaxt dünyaya gələr, kim bilir?”

Onun komandirləri də, hər dəfə ondan söz düşəndə, eləcə də onunla bağlı keçirilən tədbirlərdə “Kapitan Mahmud Top kimi zabit 30-40 ildə bir dönyaya gəlir” deyirlər.

Onun haqqında  deyilən bu sözlər kimi neçə-neçə gözəl xatirələr yazırlar sosial şəbəkələrdə.

Onu tanıyanlar və onun qəhrəmanlığı haqqında eşidənlər, igid kapitan haqqında ürəkdolusu xoş sözlər yazmaqdan doymurlar.

Kapitanın ev muzeyindəki əşyalarına toxunduqca, ürəyim yarpaq kimi əsirdi. Sanki əlimi vurduğum hər şeydən onun baxışları mənə zillənirdi.

Cümhuriyyət bayramında Hilalla Gökan Türkiyə bayrağını əks etdirən qırmızı-ağ, ay-ulduzlu qiyafətlər geyiniblər. Atalarının otağında geyinmək istəyiblər.

Bu zaman Gökan qəfildən “ana, biz qırmızı-ağ geyinmişik, atamın geyimi  niyə qara-ağdır?”deyə soruşur.

Kübra xanım deyir ki, “oğlumun bu sualı məni təəccübləndirdi.”Oğlum, sən hardan bilirsən atanın nə geyindiyini?” tiktrək səslə soruşdum.

Gökan əlinin otağın tavanına uzadıb “bax, atam burda” dedi.”

Atalarının ruhu Hilal və Gökan ilə yəqin ki, yuxularında və ya gerçəkdə tez-tez görüşür.

Amma uşaqlar bu barədə kimsəyə söyləmirlər. Ataları ilə aralarında sirr saxlayırlar.

Son zamanlar çox dalğın, fikirli olurdu, deyir ŞƏHİD xanımı:

Son zamanlar hep dalğın olurdu. Tez-tez dağlarda olduöu üçün üzünü doyunca görə bilmirdik. Bir dəfə çay verəndə, əlim uzalı qaldı. Baxdım ki, sanki məni görmür.

“Mahmud, çayı alırsanmı, sənə nə olub, niyə qəmginsən?”sualıma “xatun, o biri tərəf var, cənnət var, cəhənnəm var, onu düşünürəm” deyə cavab verdi.

“Mahmud,onu biz də bilirik, sən lap ağ elədin ha” deyib, fikrini dağıtmaq istədim. Alınmadı.

Yemək yeyərkən baxardım ki, ŞƏHİD dostlarına xitabən danışır.” Ah, Ozanım, sən necə getdin ora?”

Baxıılarımdan sual verəcəyimi anlayıb, mövzunu dəyişdi. Bir dəfə də ŞƏHİD dostu Gökanın ailəsini ziyarətə getmək istədiyini dedi. Hara təyin olunsaydı, bel çantasında ŞƏHİD silahdaılarının şəkilləri olurdu. Mən ilk dəfə onun iş otağına gedəndə, o şəkilləri masasının üstündə gördüm.”

Gələk ŞƏHİD xanımının özünə məzarı sevgili yarının yanında ayırtmasına. ŞƏHİD xanımı deyir ki, “uşaqlar böyüyürlər. Həyatdır, istəmirəm bir gün bu dünyadan köçəndə məni harda dəfn etsələr ruhum şad olar, deyə düşünsünlər.

Mənim sevincim də, xoşbəxtliyim də Mahmudun sevgisinə bağlıdır. Son nəfəsimdən sonra da ona yaxın olmaq istəyirəm. Allah mənə, onunla cənnətdə qovuşmağı nəsib etsin, inşallah.”

Əziz oxucum!

Uzaq Afrika torpağında adına ehsan quyusu qazılıb, suya ehtiyacı olan əhaliyə hədiyyə edilən, Hatayın Sapanca qəsəbəsində  adına kitabxana açılan, məktəblərə, parklara, küçələrə adı verilən, haqqında romanlar yazılacaq, filmlər çəkiləcək bir qəhrəmanın həyat hekayəsindən çox qısa bir hissəni sizinlə paylaşdım.

Qismət olarsa, ŞƏHİDLƏRİMİZLƏ bağlı növbəti layihələrdə, onun haqqında daha geniş məlumatları sizə təqdim edərəm.

Tərcümeyi hal:

Şəhid Jandarma kapitanı Mahmud Top 10 Aprel 1982-ci il tarixində Samsun şəhərinin Havza qəsəbəsində doğulub.

İlk və orta təhsilini bu qəsəbədə alıb, 2004-cü ildə Anadolu Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub.

Mahmud Top 10.09.2007-22.08.2008-ci il tarixləri arasında “Beytepe Jandarma Tədris Birliyi”nəzdindəki Zabit Tədris Mərkəzində hərbi biliklərini təkmilləşdirib.

Daha sonra 08.09.2008-02.01.2009-ci il tarixləri arasında Foca Jandarma Komandirlər Məktəbi Komandanlığında,

19.01.2009-02.07.2009-ci il tarixləri arasında Gaziantep II Jandarma Komandanlığında,

18.07.2009-30.07.2011-ci il tarixləri arasında Siirt Jandarma Komando Özəl Hərəkat Tabor Komandanlığında,

16.07.2011-25.07.2012-ci il tarixləri arasında Yüksekova Jandarma Özəl Hərəkat Tabor Komandanlığında,

13.08.2012-28.07.2016-cı il tarixləri arasında Dörtyol Jandarma Özəl Hərəkət Tabor Komandanlığında,

30.07.2016-28.07.2018-ci il tarixləri arasında Samsun II Jandarma Komandanlığında  vəzifəsini icra edərək 2019-cu ildə Ümumi təyinatla Van II Jandarma Komandanlığı, Jandarma Komando Özəl Hərəkat Tabor Komandanlığında xidməti vəzifə daşıyıb.

Xalidə Xalid
Araşdırmaçı yazar/Türkiyə



Seçilən
7
herbiand.az

1Mənbələr