Bakı, TurkicWorld
Yaponiyanın Fukusima prefekturasında baş verən iki qar uçqunu nəticəsində 100-dən çox insan isti bulaq otellərində sıxışıb qalıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, güclü qar yağışı Tsuçiyu İsti Bulaqları bölgəsində ciddi fəsadlar törədib.
Hadisələr yerli vaxtla səhər saat 04:00 və 11:00 radələrində baş verib və nəticədə iki otel qar uçqunu altında qalıb.
İki uçqundan sonra bölgədə qarın qalınlığının 1,5 metrə qədər artdığı və isti bulaq otellərinə aparan yolların bağlandığı bildirilib. Yerli hakimiyyət orqanları yolları təmizləmək üçün intensiv işlər aparır.
Qar fırtınası Yamaqata qatar xəttində də problemlərə səbəb olub. Qartəmizləyən maşının relsdən çıxması səbəbindən xətt üzrə qatar xidmətləri müvəqqəti olaraq dayandırılıb.
NHK yayım şirkətinin məlumatına görə, Yaponiyanın şimal-şərq bölgələrində, o cümlədən Fukusima şəhərində güclü qar yağışı ötən həftədən bəri davam edir.