Gülər Sultanzadə: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsasında birbaşa vətəndaş amili durur”
“Ölkə Prezidenti cənab İlham Əliyev denişdir: “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.” Həqiqətən də möhtərəm dövlət başçımızın sosial sahəyə xüsusi diqqət və qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb. 2003-cü ildən ötən dövr ərzində əməkhaqları, pensiya və digər sosial ödənişlərin mütəmadi olaraq artırılması, regionların və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının artmasının daimi xarakter alması, əhalinin gəlirlərində ilbəil artım, sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsinin qurulması, sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin 2024-cü ili müsbət nəticələrlə başa vurması Azərbaycan iqtisadi modelinin unikallığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Son bir neçə ildə dünyada gedən xoşagəlməz proseslər, o cümlədən planetin müxtəlif bölgələrində mütəmadi olaraq yaranan və getdikcə qızışan hərbi münaqişələr, böyük güclərin öz maraqlarını təmin etmək məqsədilə digər ölkələrdə həyata keçirdikləri hakimiyyət dəyişiklikləri və bir çox digər təsirlər qlobal miqyasda iqtisadi böhrana zəmin yaradır. Bütün bu yaşananların fonunda Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf templəri əlbəttə ki, son dərəcə müsbət qiymətləndirilməlidir.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən partiya fəalı daha sonra bildirib ki, ölkə iqtisadiyyatının 2025-ci ildə eyni inkakişaf dinamikasını saxlayacağına heç bir şübhə yoxdur: “Keçən il ölkəmizdə ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, uzun illərdən bəri ölkəmizin iqtisadi inkişafla bağlı əsas hədəfi kimi müəyyən edilmiş sənaye istehsalının artırılmasında da ötən il kifayət qədər yüksək nəticələr əldə olunmuşdur. Qeyri-neft sənaye sektorunda artım daha 7 faizdən çox olmuşdur ki, bu da dünya iqtisadiyyatının artım templərilə müqayisədə böyük göstəricidir. 2024-cü il ərzində nəzərdə tutulmuş bir çox sosial proqramlar icra edildi, Qarabağın bərpası ilə bağlı böyük vəsaitlər xərcləndi. Bildiyimiz kimi, Azərbaycanda 2019-cu ildən bu yana artıq dörd sosial paket layihəsi uğurla icra edilmişdir. Cari ildə beşinci paket icra ediləcək və bu layihələrə ayrılacaq vəsaitin yeddi milyard manatdan artıq olacağı gözlənilir. Həmçinin 2025-ci ildən tətbiq olunan minimum əməkhaqqı və minimum pensiyalarda təxminən 14-15 faiz artım da bunu göstərir ki, böyük investisiyalara, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim dövlətimizin diqqət mərkəzindədir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda davamlı olaraq yeni iş yerlərinin yaradılması, gənclərin müxtəlif məşğulluq proqramlarına cəlb olunmaları, onların peşə təhsili imkanlarının genişləndirilməsi məqsədilə icra olunan layihələr ölkəmizdə gənclərin rifah səviyyələrinin yüksəlməsinə misilsiz töhfələr verir. Cari ilin fevral ayının 1-dən etibarən Azərbaycanda minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib. Bu, ölkədə sosial müdafiənin gücləndirilməsi, pensiyaçıların həyat şəraitlərinin yaxşılaşdırılması və rifah səviyyələrinin daha da yüksəldilməsi istiqamətində atılan mühüm addımdır. “Əmək pensiyaları haqqında” qanuna olan bu dəyişiklik, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət sosial siyasətinin əsasında birbaşa vətəndaş amilinin durduğunu aşkar şəkildə nümayiş etdirir” – deyə, Gülər Sultanzadə fikirlərini sona çatdırıb.