Azərbaycanda pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinə sözügedən məsələ ilə bağlı tapşırıq verib.
Modern.az-ın məlumatına görə, tələbələrə verilən təqaüdlərin də artırılması gündəmdədir.
Məsələ ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2024-cü ildə imzalanmış sərəncama əsasən müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.
“Nazirlər Kabineti sənəd imzalandığı gündən 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməlidir. Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.
Nəzərə alsaq ki, cənab Prezident tərəfindən tapşırıq verilib, bu o deməkdir ki, Nazirlər Kabineti tərəfindən də bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Bu isə o deməkdir ki, sosial paketin növbəti istiqaməti olaraq müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik. Neçə faiz artımın olacağı Nazirlər Kabinetinin təkliflərindən sonra bəlli olacaq. Həmin təkliflər təqdim edildikdən sonra hansı müavinətlərdə və neçə faiz artımın olacağı aydınlaşacaq. Amma bütün hallarda cənab Prezident tərəfindən tapşırıq verildiyi üçün müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək”- V.Bayramov qeyd edib.
Hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3 faizi təqaüd alır.
Azərbaycanda tələbə təqaüdləri sonuncu dəfə 2023-cü il yanvarın 1-də artırılıb və hazırda həmin sərəncam qüvvədədir.
Belə ki, təqaüdlərin məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:Doktorantura pilləsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.
Magistratura səviyyəsi üzrə:- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat (əlaçı);- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat (həvəsləndirici);- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat (adi);
Bakalavriat səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat (əlaçı);- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat (həvəsləndirici);- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat (adi).
Orta ixtisas təhsili müəssisələrində:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat (əlaçı);- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat (həvəsləndirici);- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat (adi).
Peşə təhsili müəssisələrində:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat (əlaçı);- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat (həvəsləndirici);- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat (adi).
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat müəyyən edilib.