AZ

Qərb Putini danışıqlara necə məcbur edə bilər?

Qərb

“Qərb Rusiyanın hərbi maşınını darmadağın etməyə və Rusiya lideri Vladimir Putini danışıqlar masasına oturtmağa qadirdir. Bunun üçün “Soyuq müharibə” strategiyasından istifadə etmək lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə köməkçisinin keçmiş müavini, xarici siyasət və hərbi məsələlər üzrə ekspert Yan Bjezinski deyib.

Onun fikrincə, Qərb iqtisadi və hərbi üstünlüyündən tam istifadə etsə, Rusiyanı dayandırmaq mümkündür. Y. Bjezinski hesab edir ki, danışıqlar əvəzinə, diqqəti Kremlin Ukraynaya qarşı müharibəsini davam etdirmək imkanlarının boğulmasına yönəltmək lazımdır.

“İnanıram ki, Rusiya bu müharibədə məğlub ola bilər. Bu o demək deyil ki, siz Rusiyaya qaçıb müharibəni bitirmək üçün sövdələşmə istəməlisiniz. Siz Sovet mentalitetini başa düşməlisiniz”, - Bjezinski əlavə edib.

Hərbi ekspert deyib ki, dönüş nöqtəsi yaratmaq üçün Qərb SSRİ-nin çökməsinə kömək edən eyni taktikanı tətbiq etməlidir. Bu tədbirlərə Ukraynaya hərbi dəstəyin artırılması, Rusiya Federasiyasına iqtisadi təzyiqin gücləndirilməsi və Moskvanın siyasi elitasına yönəlmiş aqressiv informasiya kampaniyasının başlanması daxildir.

Bjezinski izah edib ki, əsas məqsəd Putini öz ölkəsi daxilindəki problemlərə diqqət yetirməyə məcbur etməkdir. O, əmindir ki, bu, Rusiya liderini ekspansionist ambisiyalarından əl çəkmək məcburiyyətində qoyar:

“Tarix indi təkrarlanır, ona görə də yalnız “Soyuq müharibə” taktikasına qayıdış nəhayət “Kremli diz çökdürə bilər”.

Bjezinski onu da bildirib ki, NATO-nun müdafiə xərcləri artıq Rusiyanın illik hərbi büdcəsindən on dəfə çoxdur və bu büdcə 120-150 milyard dollar qiymətləndirilir. Onun sözlərinə görə, Qərb Ukraynanın şərtləri ilə müharibəni dayandırmaq üçün hələ ki, bütün qüvvələrini işə sala bilməyib:

“Biz hələ Rusiya iqtisadiyyatına real zərbə vurmalıyıq. Biz bunu edə bilərik. Biz bunu etməmişik və bu, Rusiya hərbi maşınının irəli getməsinə imkan verir”.

Bjezinskinin fikrincə, hətta sülh sazişi imzalansa belə, Rusiya ilə Ukrayna arasında davamlı sülh çətin ki, bir çox nəsillər boyu davam etsin. Onun sözlərinə görə, rus işğalının vəhşiliyi yaxın gələcəkdə sağalmayacaq qədər dərin yaralar buraxıb. “Putin hakimiyyətdə olduğu müddətdə Ukraynanın Rusiya ilə sülh münasibətləri qurması çətin olacaq. Ən yaxşı ssenari “Soyuq müharibə”yə bənzər uzun, lakin sabit qarşıdurma olacaq”, - deyə ekspert fikrini tamamlayıb.

E. KAMAL
Seçilən
7
reyting.az

1Mənbələr