Rusiya hökuməti ilin əvvəlindən ölkədə miqrantlara qarşı qanunları sərtləşdirib. Artıq icrasına başlanılan yeni qanunlar çərçivəsində əmək müqavilələri ləğv olunur, miqrantlar saxlanılır, ölkədən deportasiya edilirlər. Moskvanın hədəfində olan əsas xarici ölkə vətəndaşları isə yenə də azərbaycanlılardır. Artıq mətbuat tez-tez Rusiya Federal Təhlükəsizlik Xidməti, polis və digər güc strukturlarının Moskva, Sankt-Peteburq və digər iri şəhərlərdə azərbaycalıların obyektlərinə baş verən basqınlardan yazır. Rusiya Dövlət Dumasının Nikolay Valuyev kimi deputatları Rusiyada yaşayan azərbaycanlı iş adamlarını hədəfə almağa, obyektlərini müsadirə etməyi təklif edib. Xüsusən, Rusiya ərazisində Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı qalmaqal məsuliyyətdən yayınan Moskvaya sərt miqrasiya qanunlarına azərbaycanlıların hədəf seçilməsindən ötrü göydəndüşmə bəhanə verdi.
Rusiyada fəaliyyət göstərən tanınmış vəkil Ələkbər Qarayev "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
- Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi azərbaycanlıların durumuna necə təsir edir?
- İlkin olaraq çətinlik onunla bağlıdır ki, Azərbaycan vətəndaşları Rusiyada 90 gündən qala bilməyəcəklər. Ümumiyyətlə, bu qanun yalnız Azərbaycanın yox, bir çox ölkələrin vətəndaşlarına şamil edilir. Bu, vizası olmayanlara aiddir. Bununla yanaşı, miqrantların Rusiyada imtahan verməsi çətinləşib. Rusiyada işləmək üçün rus dilindən imtahan verməlidirlər.
Mənə iki gün əvvəl bir azərbaycanlı zəng edib dedi ki, 4 dəfə imtahan verib, hər dəfə 3900 rubl ödəniş edib, amma imtahandan keçə bilməyib. O, rus dilini bilir, ya bilmir, bunun başqa səbəbləri varmı, yoxsa yox, bilinmir. Bundan əlavə, əvvəl deportasiya yalnız məhkəmə yolu ilə baş verirdisə, indi polis əməkdaşlarının da hər hansı ölkənin vətəndaşını deportasiya etmək hüququ var. Eləcə də əgər Azərbaycan vətəndaşı Rusiyada işləmək və ya müvəqqəti yaşamaq üçün icazə alırsa, ailə üzvlərinə qeydiyyatna icazə verilməyəcək.
Qadın həyat yoldaşına görə Rusiyaya gələrsə, o da işləmək üçün icazə almalıdır. Bu da əlavə xərcdir. Məsələn, əvvəl həyat yoldaşına görə qeydiyyata düşmək mümkün idi, indi yox.
- Azərbaycan vətəndaşlarına qarşı nə kimi təzyiqlər var?
- Qanun bütün miqrantlar üçün nəzərdə tutulub. Hətta mən deyərdim ki, qanun azərbaycanlılara qarşı bir az yüngülləşdirilmiş formadadır. Məsələn, Tacikistan vətəndaşlarına çox ciddi yanaşırlar. Yəni, azərbaycanlı olduğu üçün hər hansı şəxsə sərt qayda tətbiq edilirmi? Xeyr! Kimin sənədləri düzgündürsə, onun üçün hər hansı problem yoxdur. Qanunlara riayət etmək və onları pozmamaq lazımdır.
- Rusiyada yaşamaq icazəsi olmadan orada yerləşmiş nə qədər azərbaycanlı var? Bununla bağlı hər hansı statistika mövcuddurmu?
- Bu, çox çətin sualdır. Bu sualın cavabını tapmaq, bəlkə də qeyri-mümkündür. Çünki çoxsaylı soydaşlarımız Rusiyada miqrasiya qeydiyyatından keçmirlər. Ona görə də onların sayını müəyyən etmək böyük çətinlik yaradır.
- Sosial şəbəkələrdə polisin azərbaycanlılara qarşı reyd keçirməsi barədə videolar yayılır. Bunlar həqiqi mənzərəni əks etdirirmi? Belə hallar çoxdurmu?
- Əgər polis əməkdaşları hansısa ticarət mərkəzində reyd keçirirsə, bilmirlər ki, burada azərbaycanlı, tacik, özbək, erməni və ya gürcü millətindən çoxluq kimə aiddir. Bunu heç kim bilmir. Sadəcə planlaşdırılmış reyd təşkil olunur. Məsələn, qərara alınır ki, bu gün filan ticarət mərkəzində reyd keçiriləcək. Bu, özbaşına atılan addım deyil, əvvəlcədən icazə alınır. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinin rəisi reydin keçirilməsi üçün şəxsən imza atır ki, proses təhlükəsiz formada baş tutsun.
- Rusiyanın müxtəlif siyasi, ictimai dairələrdən azərbaycanlıların əleyhinə çağırışlar varmı? Bu çağırışlar soydaşlarımızın durumuna necə təsir edir?
- Bu neçə gün ərzində Perm şəhərində bir ictimai fəal sosial şəbəkədə paylaşım etmişdi ki, azərbaycanlıları Rusiyadan çıxarmaq, Azərbaycan diasporunun nümayəndələrini həbs etmək və onları şimala sürgün eləmək lazımdır. Belə şəxslərin çıxışları ancaq öz məhdud dairələri üçündür. Yəni heç bir təşkilat, dövlət qurumu bu şəxslərin çıxışlarını dəstəkləmir. Həmin şəxslərin özlərinin azərbaycanlılarla bağlı neqativ fikirləri var.
Rusiyada bir jurnalist Ural Federal Dairəsinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural" milli-mədəni, ictimai təşkilatının sədri Şahin Şıxlinskiyə qarşı qarayaxma kampaniyası aparırdı. Sonradan məlum oldu ki, jurnalistin həyat yoldaşı Azərbaycanı sevməyən şəxsdir, onlar qondarma Talış-Muğan Muxtar Respublikasının 30 illiyini qeyd ediblərmiş. Bu səbəbdən Azərbaycan rəsmi nota verdi. Bu kimi hadisələrdə mütləq düşmənlərimizin əli olduğu faktı ortaya çıxır. Rusiyada təəssüf olsun ki, belə etnik qruplar var, onlar azərbaycanlılara qarşı qara piar aparır və öz cəmiyyətlərini yaradırlar.
Ümumilikdə isə, Rusiyada azərbaycanlılara qarşı qaydalar o qədər də sərt deyil. Qanuna riayət edənlər üçün heç bir problem yoxdur. Əgər sənədi qaydasında olan insanlara problem yaradılarsa, biz buna hüquqi formada cavab verməyə hazırıq. Rusiya Baş Prokurorluğuna müraciət edə və ya məhkəməyə müraciət edə bilərik.
Mənim Rusiya vətəndaşı olan azərbaycanlılara və Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına tövsiyəm budur ki, hər hadisəyə məntiqli yanaşsınlar. Dövlət rəsmilərinin və məmurların fikir və qərarlarına ciddi yanaşsınlar. Azərbaycanlılara qarşı neqativ fikirli şəxslərin sözlərinə diqqət yetirməsinlər.
Hazırda insanlar arasında təşvişə düşənlər də var. Buna zəmin yoxdur. Rusiya ilə qonşuyuq və iki ölkə dost münasibətdədir. Ona görə də heç nədən çəkinmək lazım deyil. Əgər kiminsə hüququ pozulursa, Azərbaycanın Rusiyadakı Diasporuna və şəxsən mənə müraciət etsinlər. Dəstək üçün bu kimi zənglər gəlir, vətəndaşlarımıza öz tövsiyələrimi verirəm. Hər şeyi hüquq çərçivəsində yoluna qoyulmalıdır.