AZ

Bakıda ətin qiymətinin ucuzlaşmamasının səbəbi məlum oldu

Son aylarda ərzaq məhsullarında müəyyən qiymət dalğalanmaları müşahidə edilsə də, Bakıdakı ət bazarında qiymətlər sabit olaraq yüksək qalır.

BAKU.WS-in məlumatına görə, istehlakçılar ucuzlaşma gözləsələr də, nə qoyun, nə də mal əti qiymətlərində ciddi azalma qeydə alınmayıb.

Bəs bunun səbəbi nədir? İdxal və yerli istehsalın nisbəti, yemin bahalaşması, bazar tənzimləmələri və digər iqtisadi amillər qiymətlərin yüksək qalmasına necə təsir edir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimliyə müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, bazarda məhsul bol olanda qiymət aşağı düşür:

 

 

"Məhsul qıt olanda qiymət artır. Eyni zamanda alıcı bol olanda qiymət artır, az olanda isə qiymət düşür və yaxud da qıtlıq olur. İdxalın olması qiyməti stabilləşdirən, aşağı salan faktordur. 

Amma idxal qiymətləri artanda sahibkar onu baha gətirib, ucuz satmır. O halda baha gətirib ucuz satır ki, müflis olsun. Qiymətin artmasına səbəb odur ki, həm idxal qiymətləri artır, həm də yerli ət məhsullarının mayası artır. Digər tərəfdən də əhalinin tələbatı çoxalır. Həm ət kəsimində, həm də balıq kəsimində son 10 ildə əhalinin istehlakı 20 faiz artıb. Bunun özü də qiyməti artıran faktordur.

Həmçinin əhalinin sayı və alıcılıq qabiliyyəti də artır, qazancı çoxalır. Bu, imkan verir ki, bahalaşan qiymətlər fonunda da əhali ət almağa davam etsin.  Stabilləşmə o vaxt olacaq ki, əhali mövcud qiymətlə ət almaq imkanına malik olmasın. Ət əvəzinə digər ərzaqları qəbul etsin. Digər hal isə daha çox məhsul istehsal edəndə ola bilər.

Hazırda statistika onu göstərir ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı aşağı düşüb. Bu sahə ilə məşğul olan şəxslər də get-gedə azalır. Eyni zamanda otlaq sahələri də əvvəlki illərə baxanda azalır. Pulsuz otlaq ərazilər və yemlər azaldıqca, heyvanlara pulla yem alıb vermək lazım olur. 

Azərbaycan ucuz əti əsasən Rusiya və Ukraynadan idxal edir. Ukrayna müharibəyə görə əvvəlki kimi ixrac edə bilmir, Rusiyada isə qiymətlər nisbətən bahalaşıb. Məhz buna görədir ki, xaricdən gətirilən ət məhsulları da baha başa gəlir. Nəticədə Azərbaycan bazarında elə də ucuz qiymətə satışa çıxarılmır".

Seçilən
9
10
demokrat.az

10Mənbələr