AZ

Kolleclərdə müəllimlik ixtisasları yığışdırılır – Bu pedoqoji prosesə təsir edəcək?

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcək.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq. "Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq. Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, kolleclərdə subbakalavr səviyyəsində pedoqoji əsaslı ixtisaslar çoxdan ləğv edilməli idi: “Bundan başqa, bir çox ixtisasların kolleclərdə tədrisi dayandırlıb və bu çox alqışlanacaq addımdır. Çünki kollec təhsili uzun müddət dırnaqarası səciyyə daşıyırdı. Yalnız bir neçə il bundan əvvəl verilən qərardan sonra kolleclərə maraq və tədrisin keyfiyyəti müəyyən qədər də olsa arta bildi. Bu qərara əsasən subbakalavr səviyyəsində tələbələr yüksək ortalama bal toplanandan sonra universitetə qəbul şansı əldə edə bilirdilər. Buna qədər isə bizdə kollec təhsili çox formal səciyyə daşıyırdı. Buna görə də bir çox əsas pedoqoji ixtisasların tədrisi kolleclərdə dayanmışdı. Amma reallıq ondan ibarətdir ki, əsas yox, köməkçi fənlər- incəsənət, texnologiya, fiziki tərbiyə, gənclərin hərbi xidmətə çağırışı və məktəbəqədər təhsil ilə bağlı tərbiyəçi və metodist hazırlığı kollec səviyyəsində saxlanılmışdı”.

Elmin Nuri əlavə edib ki, bu gün ölkədəki heç bir orta ixtisas təhsil müəsissəsində ibtidai sinifi müəllimliyi ixtisası tədris olunmur: “İbtidai sinif təhsili ilə bağlı ixtisaslar yığışdırılsa da, təhsillə əlaqəli digər pedoqoji əsaslı ixtisaslar qalıb. Məsələn, inkluziv təhsil üzrə ixtisas, ev, ailə təhsili üzrə mütəxəssis ixtisası, korrektəedici təhsil üzrə ixtisaslar. Amma birbaşa tədris proseslərini əhatə edən ixtisaslar isə kolleclərdən yığışdırılmalıdır”. Təhsil eksperti vurğulayıb ki, kolleclərin öz mahiyyəti və formatı dəyişdirilməlidir: “Çünki subbakalavr təhsilin formatı başqa, pedoqoji ixtisasların xarakteristikası isə fərqlidir. Doğrudur, bu gün kollec təhsili alan müəllimlər arasında yüksək sertifikasiya nəticələri göstərənlər var. Lakin mən bunu kollec təhsilin keyfiyyəti kimi yox, ayrı-ayrı fərdlərin öz bacarığı kimi qiymətləndirirəm. Əmin olun ki, bu dediklərim reallıqdır. Biz kolleclərdə yüksək təhsildən danışa bilmərik.

Kollec təhsili mütləq təsnifatlandırılmalıdır. Necə ki,peşə təhsili məktəblərində müəyyən ixtisaslara görə nəticə gözləyirik, eləcə də kolleclərdə o nəticəni gözləməliyik. Kollec təhsili peşə təhsili məktəblərinin bir üst modeli kimi fəaliyyət göstərməlidir”. “Yaxın müddətə qədər kolleclərdə xüsusi ilə məktəbəqədər təhsil ixtisasında universitetlərdən kəsilənlər oxuyurdu. Çox az insan olar ki, həmin ixtisas universitetlərə yüksık balla qəbul olmaq istəsin.

Bu qərardan sonra həmin ixtisasa qəbul zamanı rəqabətlilik artacaqmı” sualına cavab olaraq ekspert bildirib ki, kolleclərə xüsusi ilə məktəbəqədər təhsil ixtisasında oxumaq istəyənlər müraciət edir: “Bunlar arasında isə universitetlərə qəbul ola bilməyənlər var. Bu tendensiya hələ də qalır. Mən bu ixtisasların kolleclərdə olmasının əleyhinə deyiləm. Çünki bağçalarda metodist və tərbiyəçi ştatı var. Pedoqoji işi aparan müəllimlə, bağçadakı tərbiyəçi fərqlidir. Ona görə kolleclərdə bu ixtisasın qalması lazımdır”.

Davud

Seçilən
7
1
valyuta.az

2Mənbələr