Azərbaycanda çoxuşaqlı ailələrdə uşaq sayı 5 nəfərdən 3 nəfərə endirilir.
Heftelik.az bildirir ki, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva bu barədə “Xəzər Xəbər”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələ bir neçə dəfə müzakirə olunub və hazırda təklif üzərində işlər gedir:
“Bu təklifin hazırlanması Azərbaycanda demoqrafik inkişafla bağlı olacaqdır və dövlət proqramına daxil ediləcəkdir”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 5-dən artıq uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur və belə olduğu halda hər uşağa ayrılıqda aylıq müavinat təyin olunur. M. Vəliyeva onu da bildirib ki, hazırda demoqrafik inkişafla bağlı olaraq isə bu sayın 5- dən 3-ə endirilməsi təklif olunub. Əgər qanun qüvvəyə minərsə 3 uşaqlı ailələr də çoxuşaqlı ailə hesab olunacaqdır.
Dövlət Statistika Komitəsindən alınan məlumata əsasən 2024 il iyul ayının 1 nə kimi 2700 çoxuşaqlı ailə qeydə alınıb və 11 838 uşağa çoxuşaqlı ailə olaraq sosial müavinat ödənilib.
“Nəzərə alsaq ki, hazırda Azərbaycan ailələrində əsasən 1-2 uşaqlı ailələr çoxluq təşkil edir, bu da gender balansının pozulmasına gətirib çıxarır. Bunun üçün də bu barədə parlamentdə çoxuşaqlı ailələrdə uşaq sayının 3 nəfərə endirilməsi təklifi irəli sürülüb”, deputat bildirib.
Bu təklif qəbul olunarsa ölkədə 100 000 dən çox ailədə yaşayan uşaqlar çoxuşaqlı ailə hesab olunaraq sosial müavinat ala biləcəklər.
Onu da qeyd edək ki, hazırda 5-dən çox uşağı olan ailələrdə hər uşağa görə sosial müavinat 105 manat müəyyənləşib.
Müəllif: Türkan_zadə