AZ

Xaricdən gətirilən dərmanlar niyə dəfələrlə baha satılır? -

Azərbaycanda dərman bazarındakı qiymət siyasəti uzun illərdir ki, cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biridir. Xüsusilə Türkiyədən və Rusiyadan gətirilən dərmanların burada dəfələrlə baha satılması əhali arasında ciddi narazılıq yaradır. Məsələn, Türkiyədə 5 manata satılan bir dərmanın Azərbaycanda 60 manata təklif olunması, dərman bazarında süni qiymət artımı və inhisarçılıq hallarını gündəmə gətirir. Bu vəziyyət həm vətəndaşların sağlamlıq imkanlarına mənfi təsir göstərir, həm də dərman sektorunda nəzarətin gücləndirilməsinin vacibliyini bir daha sübut edir. Bəs bu qiymət fərqlərinin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? İqtisadçı ekspert Pərviz Heydərov Metbuat.az-a açıqlamasında bildirib ki, dərman bazarında müəyyən mənada dövlət nəzarəti həyata keçirilsə də, bu sahədə xaos və kortəbii idarəçilik hökm sürür. Bu vəziyyət dərmanların həm satışına, həm də keyfiyyətinə mənfi təsir göstərir: “Xüsusilə Rusiyadan və Türkiyədən Azərbaycana gətirilən dərmanların olduqca baha qiymətə satılması qeyri-qanuni bir haldır. Bəziləri bu vəziyyəti həmin dərmanların yerli istehsalının olmaması ilə izah etməyə çalışsa da, bu, doğru deyil. Çünki qiymətlərin süni şəkildə artırılması inhisarçılıq və bazardakı subyektiv təsirlərlə bağlıdır. Son illərdə Azərbaycanda bir sıra dərman preparatlarının istehsalı ilə bağlı mühüm addımlar atılıb, müqavilələr imzalanıb və investisiyalar həyata keçirilib. Hökumət tərəfindən verilən sərəncamlarla dərman sənayesinin inkişafı və keçmişdə - sovet dövründə mövcud olmuş istehsal ənənəsinin bərpası istiqamətində müəyyən nəticələr əldə olunub. Bununla belə, dərman bazarında hələ də pərakəndə satış tariflərində ciddi nöqsanlar, sui-istifadə halları və qiymət manipulyasiyaları müşahidə olunur”. İqtisadçı xaricdən gətirilib, Azərbaycanda baha satılan dərmanların qiymətinə təsir göstərən amilləri sadalayıb: “Bu, həm müvafiq dərman preparatlarına olan tələbatın yüksək səviyyədə təşkil olunması amili ilə bağlıdır, həm də ölkəyə dərman idxalında inhisarçılıq amillərinin mövcudluğu ilə əlaqəlidir. Əlbəttə ki, bu da belə sui-istifadə hallarına gətirib çıxarır. Hesab edirəm ki, dərman bazarında dövlət nəzarəti gücləndirilməli, bu sahədə rəqabət imkanları artırılmalı və genişləndirilməlidir. Bir sıra dərmanların yerli istehsalının təşkili istiqamətində konkret addımlar atılmalıdır. Əks təqdirdə, biz bu xaotik vəziyyətin və süni qiymət artımlarının qarşısını ala bilməyəcəyik”. P.Heydərov əlavə edib ki, bir sıra hallarda bəzi dərman preparatlarının süni şəkildə qıtlığının yaradılması, yəni satışdan yığışdırılması və sonradan onların qiymət artımı ilə yenidən bazara çıxarılması halları mövcuddur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
6
1
metbuat.az

2Mənbələr