AZ

İrəvanın müharibə hazırlığı, hind silahları və Oskanyanın “300 min azərbaycanlı gələcək” anonsu

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-də “Milli dua səhər yeməyi”ndə iştirak edib İrəvana döndükdən az sonra üz tutdu Fransaya. Okeanın o tayına böyük ümidlərlə getmişdi, ancaq təkcə Ağ Evin vitse-prezidenti Ceyms Devid Venslə və Pallone kimi ermənisifətlilərlə görüşə bildi.

CEYMS.jpg

Ona görə də indi Paşinyanın Emmanuel Makronla görüşüb-qucaqlaşması ona hava və su kimi lazım idi. Rəsmi məlumata görə, Ermənistanın baş naziri Fransa paytaxtında keçiriləcək Süni İntellekt Sammitində iştirak edəcək, həmçinin səfər çərçivəsində Makronla bir araya gələcək. “Böyük bacı”sından təlimatlar alacaq, İrəvana “ev tapşırıqları” ilə qayıdacaq. Nə olsun ki, Fransanın çətiri altında Ermənistana göndərilmiş Avropa İttifaqının “mülki” adlı hərbi-casus şəbəkəsi, üstəlik NATO Kanadasının atlılarının ömrü daha iki illik uzadılıb, prosesin davamı üçün ssenari yazılmalı, həyata keçirilməlidir. İndiki durumda görünən budur ki, Ermənistan müharibəyə hazırlaşır və təxribatlar hər an gözləniləndir. Fransanın “Bastion” tədarükü davam edir, Paris artıq 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. “Caliber”in məlumatına görə, onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Üstəlik, Fransa artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusunu ötürüb. İlin sonunadək daha 24 belə öldürücü silahın Ermənistana veriləcəyi bildirilir.

SEZAR.jpg

Hansı marşrutla? Bu da maraqlıdır. Bölgədə sülhün təmin olunması üçün çalışdığını və hətta vasitəçilik missiyasını təklif edən İran yolu ilə, Mehri qapısı – Zəngəzur “boğazı”ndanmı keçirilib Ermənistana? Yoxsa Azərbaycanla strateji müttəfiq olduğunu və paralel şəkildə sülh danışıqları üçün evsahibliyi missiyasını təklif edən Gürcüstan ərazisindən, Sadaxlı kəndinin yaxınlığındakı sərhəd qapısındanmı? Suallar çoxdur. Amma reallıq budur ki, Ermənistan “Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq”, bəyanatının kölgəsində növbəti savaşa hazırlaşır. Türkiyə parlamentinin keçmiş deputatı Garo Paylan təsadüfən “Ermənistanın Azərbaycana cavab verməsi üçün 3-5 il lazımdır, vaxt qazanmaq üçün sülh müqaviləsi imzalanmalıdır “, deməyib. Sadəcə, sirri ağzından qaçırıb.

Budur, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 8-dən Hindistanda işgüzar səfərdədir. Səfər haqda təfsilatlı məlumat yoxdur. Papikyan hind kinolarına baxmağa, Tac-Mahalı gəzməyə getməyib, sözsüz ki… Dehli son illərdə Ermənistanı əsas silah alıcısı kimi təmin etməkdədir.

Keçən il rəsmən təsdiqlənmişdi ki, Ermənistan Hindistandan təkcə 2024-2025-ci illərdə 600 milyon dollarlıq silah alıb. Üstəlik, İrəvan əlavə olaraq 155 mm-lik ATAGS artilleriya qurğuları alıb. Hindistan Müdafiə Araşdırmaları və Təhlil İnstitutunun baş direktoru Sudan Çinoy da təsdiqləmişdi. Həmçinin demişdi ki, Dehlinin artıq Svati radar komplekslərini İrəvana çatdırıb və bu əməliyyatın dəyəri 40 milyon dollardır. Ermənistanın təxminən 250 milyon dollar dəyərində olan Pinaka çoxlüləli raket sistemlərinə maraq göstərdiyi də bildirilirdi.

ATAGA.jpg

2023-cü ildə isə Ermənistan 6 ATAGS qurğusu alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb. İstisna deyil ki, Papikyan başının dəstəsi ilə hind silahları almağa gedib. Ümumilikdə isə 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, zenit müdafiə sistemləri və digər silahlar alır. Paşinyan sülhə belə “hazırlaşır”. Gözləyək, görək “sülhpərvər” Nikol Parisdə Makronla görüşdən sonra görək hansı avazla qayıdacaq.

Ermənistanın keçmiş prezidenti, Xocalı canisi Robert Köçəryan “Жизнь и свобода” adlı xatirə kitabında yazdıqları da gündəmin əsas mövzularındandır. Yazıb ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib. Yəni Ağdamın işğalı Kəlbəcərin işğalını “arxa plana keçirmək” üçünmüş, iddiası var. Bundan əvvəlki illərdə də bənzər iddialar səsləndirilirdi. Hətta guya eks-prezident Levon Ter-Petrosyanın Köçəryana qəzəbləndiyi iddiası da tirajlanırdı. Guya ki, Qarabağdakı separatçılar imiş Ağdamı və digər əraziləri işğal edən. Diqqəti Ermənistandan yayındırmaq və Qarabağdakı bir ovuc caninin erməni xalqı üçün “xilaskar” obrazını yaratmaq üçün belə absurdların ortaya atıldığı təbiidir. Azərbaycan ordusu nə qədər köməksiz, silahsız vəziyyətdə olsa belə, erməni silahlılarının qarşısını kəsməyə qadir idi, təbii ki, söhbət Qarabağdakı qanunsuz birləşmələrdən gedə bilməzdi. İşğalı Ermənistan ordusu həyata keçirib, özü də keçmiş sovet, daha sonar rus ordusundan dəstək alaraq. Robert Köçəryan nəinki Ermənistanı, həm də Rusiyanı məsuliyyətdən yayındırmaq üçün sinəsini qabağa verib.

KOCAR.jpg

BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistanın işğalına qarşı qəbul olunmuşdu, Röbert Köçəryanın “özünümüdafiə dəstələri” söhbəti nağıldır. Guya ki, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilibmiş və “əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub”. Həm də silah-sursat Azərbaycandan əldə olunan qənimət imiş guya…Laçın yolu ilə Ermənistandan daşınan rus silahları hara getdi? Köçəryan əsas himayədarını qoruyur bu kimi saxta “xatirələri” ilə.

Ter-Petrosyanın nə qədər “işğala qarşı” olduğunu isə elə onun özü etiraf etmişdi, elə 1993-cü ilin iyulunda, Ağdamın işğalından sonar terrorçu “Yerkrapa”nın üzvləri ilə görüşdə. Bu qatil etiraf edir ki, onlar nəinki Azərbaycan ərazilərini işğal ediblər, hətta Bakıda, Sumqayıtda erməni qırğınlarını Ermənistanın demoqrafik problemini aradan qaldırmaq, kütləvi köç təşkil etmək üçün, parallel şəkildə azərbaycanlıların Ermənistandan qovulmasını həyata keçiriblər. İndi Köçəryan çıxıb sinəsinə döyür ki, “bütün bunları mən eləmişəm”, bununla da yenidən erməni diasporunun və kilsəsinin etimadını qazanmaq, Rusiyadan da dəstək alıb, Paşinyanın sonuna çıxmaq istəyir.

Nə etsələr, nə desələr, xeyri yoxdur. Geri dönüş olmayacaq. Azərbaycan Prezidenti demişkən, peşman olacaqlar!!! Ermənistanın yenidən silaha sarılması olsa-olsa, Xəzər sahilindəki Hərbi Qənimətlər Parkını zənginləşdirə bilər. Nə qədər niaxmaq olsa da, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu dəfə düz deyib: “Türkiyənin tələbi ilə Ermənstanın konstitusiyası dəyişdiriləcək, Ermənistana 300 min azərbaycanlı gələcək”.

OSKANYAN.jpg

Hazırda Bakıda – 21-ci əsrin “Nürnberq prosesi” davam edir, Ədalət Məhkəməsi qurulub Vardanyan, Arutyunyan və digərlərinə qarşı. Vaxt gələcək bu gün cinayətlərini etiraf edən, hətta başqalarının cinayətlərini də öz üzərinə götürən Robert Köçəryan, Serj Sərkisyan və digərləri də cəzalarını alacaqlar.

VARDİ.jpg

Necə ki Xankəndidə “at oynadanda” Arayik Arutyunyan “Gəncəni bombalamağı mən əmr etmişəm” deyirdisə, Bakıda, müttəhimlər kürsüsündə yazıq görmək alaraq əmrin İrəvandan verildiyini etiraf etdi. Gün gələcək, Köçəryan da Ağdam və digər ərazilərimizin işğal əmrinin ona məxsus olmadığını deyəcək, sifarişçilər, icraçılar və bütün cinayətlər barədə cəh-cəh vuracaq!

Seçilən
1
1
paytaxt.org

2Mənbələr