Trampın İranla bağlı sərt ritorika sərgiləməsi və eyni zamanda danışıqlara açıq olması necə bir taktikanın göstəricisidir? Bu yanaşma danışıqlar üçün hansı şərtləri formalaşdırır? Trampın ikinci prezidentlik dövründə Yaxın Şərq və Müsəlman ölkələrindəki güc balansı necə dəyişəcək və İranın bu prosesdəki rolu nə olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şixəliyev bildirib ki, ABŞ prezidenti Donald Trampın vəzifə səlahiyyətlərinin icrasına başlaması ilə ABŞ-İran münasibətləri yeni mərhələyə keçib.
Onun sözlərinə görə, ABŞ tamamən İsraili dəstəkləyəcək: “ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzzanı öz nəzarətinə götürməsi və oradakı əhalinin digər ölkələrin ərazisinə köçürülməsi kimi təklifləri göstərir ki, İsraillə ABŞ-nin Yaxın Şərqdəki strateji planları üst-üstə düşür. İranın nüvə silahına malik olması, nüvənin zənginləşdirilməsi nəticəsində nüvə başlıqlı raketlərə sahib olması yenə də qırmızı xəttləri olaraq qalacaq. Lakin İsrail bunu özünə bir nömrəli təhdid olaraq görür. Çünki ABŞ uzaqdadır. Onlar düşünürlər ki, İran nüvə silahına sahib olsa birinci hədəfi İsrail olacaq. Bu səbəbdən də ABŞ-nin hərbi gücünün dəstəyi ilə İsrailin İrana, xüsusən də nüvə reaktorlarına, yeraltı bunkerlərinə zərbələr endirməsi məsələsi masadan qaldırılmayıb. ABŞ İranın bu proyektən çəkilməsinə çalışsa da, İranın bunu edəcəyi gözlənilmir. İran özünün proksi qüvvələrinin – HƏMAS, Hizbullah, Husiləri dəstəkləməsi ilə İsrailə təhdid və təhlükə yaratmağa davam edəcək. Bu halda isə, ABŞ sözügedən proksi qüvvələrə qarşı İsrailin əlinin güclənməsi üçün dəstək verəcəyini bildirib. Növbəti mərhələdə Yaxın Şərqdə yeni münaqişə bölgəsi, İsrail-İran qarşıdurmasının mümkünlüyü tam sıfırlanmayıb”.
Hərbi ekspert qeyd edib ki, İran dini liderinin nüvə silahının zənginləşdirilməsinin, istehsalının ikinci ölkələrə yönəlik olmayacağı mesajına İnqilab Keşikçiləri Korpusu öz narazılığını bildirib: “Bunun səbəbi gələcəkdə bu silahın mövcudluğu İran üçün çəkindirmə gücünə çevrilə bilər. Yəni İranı digər ölkələr təhdid etməsin deyə, mütləq bu silahın istehsalı və silahlı qüvvələrin gücləndirilməsini davam etdirəcəklərini bildiriblər. İran, ABŞ və İsrail gərginliyinin davam etməsi 2025-ci ildə İsrail-İran münasibətləri, ABŞ-nin İsraili dəstəkləməsi üzərindən İranı öz planlarından nə qədər çəkindirə biləcəklərinə bağlıdır. Çəkindirə bilməsələr, nüvə reaktorlarına və İsraili təhdid edəcək aviabazalara, raket sistemlərinin mövcudiyyəti olan ərazilərə perventiv zərbələrin endirilməsi mümkünlüyü davam edə bilər. Bu səbəbdən, ABŞ özünün strateji hədəflərini Qrenlandiya, Kanada, Meksika körfəzindəki ölkələrə yönəltmiş olsa da, İsrailin əsas hədəfləri, strateji planları Amerika üçün əsas olacaq. Yaxın Şərqdə ABŞ İsrailə birlikdə hərəkət edəcəksə, artıq İsraildə təhdid ediləcək qüvvələr qalmamalıdır. Livan, Yəmən, Suriya indiki mərhələdə Qəzzanın əhalisinin köçürülməsi üzərinə Misir və İordaniya İsrailə qarşı hər hansı münaqişəyə gətirə biləcək addımlar atmamalıdırlar. Lakin Suriyada da Qolan təpələrində İsrailin nəzarətə götürdüyü ərazilər var ki, Suriyanın yeni hökuməti bu ərazilərdən İsrailin çəkilməli olduğunu deyir. Kifayət qədər İsrail və Yaxın Şərqdə olan ölkələr arasında ciddi kriz yarada biləcək səbəblər olduğu üçün bu coğrafiyada ABŞ İsraili tək buraxmamaq da qərarlıdır. Bu o deməkdir ki, hələ Yaxın Şərqdə krizin və münaqişələrin sonlanması mərhələsinə keçirilməyəcək”.
Nailə Qasımova
Medianews.az