AZ

Ötən il Azərbaycanda 78,9 milyardlıq nağdsız əməliyyatlar həyata keçirilib

Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 107,9 faiz (2,1 dəfə) və ya 10 milyon 327 min 571 ədəd artaraq 20 milyona çatıb. Son bir ildə Azərbaycanda istifadədə olan bank kartlarının sayı 17,6 faiz və ya 2 milyon 973 min 578 ədəd artaraq 19 milyon 898 min 735 ədəd olub. Hər il sürətlə artan bank kartlarının sayı artıq əhalinin sayından 2 dəfəyə yaxın çoxdur.

Media Təhlil Mərkəzindən (MTM) Adalet.az-a bildirilib ki, 2020-2024-cü illərdə Azərbaycanda istifadədə olan debet və kredit kartlarının ayrı-ayrılıqda sayına baxsaq, dövriyyədə olan debet kartların sayının kredit kartlarına nisbətən daha sürətlə artdığını görərik. Bu, həm əməkhaqqı, pensiya və digər ödənişlər üçün ayrılan kartların məhz debet kart olması, həm də bu kartları əldə etmək üçün şərtlərin kredit kartları ilə müqayisədə daha asan olması ilə bağlıdır.

2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda istifadədə olan debet kartlarının sayı 17 milyon 642 min 376 təşkil edib və bu, son bir ildə dövriyyədə olan debet kartlarının sayının 19,9 faiz və ya 2 milyon 932 min 903 ədəd artması deməkdir.

Son 3 ilin statistik göstəricilərinə diqqət etsək, bu dövrdə istifadədə olan kredit kartlarının sayında da yüksək artım qeydə alındığını görərik. Təkcə 2024-cü ilin sonunda kredit kartların sayında 1,8 faiz və ya 40 675 ədəd artım müşahidə olunub. Bu da o deməkdir ki, kredit kartlarının alınması üçün banklar tərəfindən gəlir yeri tələb olunsa da, son 3 ildə bu kartı ala biləcək şəxslərin sayı artıb.

Aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə debet kartların sayı 108,1 faiz (2,1 dəfə) və ya 9 milyon 164 min 6 ədəd, kredit kartların sayı isə 106,5 faiz (2,1 dəfə) və ya 1 milyon 163 min 565 ədəd artıb. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən, ölkədəki bank kartlarının 88,7 faizini debet, 11,3 faizini isə kredit kartları təşkil edib.

Rəsmi rəqəmlərə əsasən, son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi hər il sürətlə artır. Buna səbəb bankların nağdsız ödənişlər zamanı müəyyən keşbeklər təklif etməsi, həmçinin “ƏDV geri al” üzrə nağdsız ödənişlərə daha çox (17,5 faiz) faiz tətbiq edilməsidir. Vətəndaşların elektron ticarət vasitəsilə apardıqları əməliyyatlar da bu artımda böyük rol oynayır.

Qeyd edək ki, 2024-cü ildə aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb. Belə ki, 2024-cü ildə ölkə daxilində nağdsız ödənişlərin həcmi 78 883 000 505 (78,9 milyard manat) olub. Bu göstərici 2023-cü il ilə müqayisədə 60,9 faiz və ya 29 842 774 055 manat çox deməkdir. Xatırladaq ki, bu göstərici 2020-ci ildə (6,4 milyard manat) 16 dəfə az olub.

Daha əvvəl qeyd etdiyimiz kimi, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi nağdsız ödənişlərin həcmində böyük rol oynayır və bu pay 2024-cü ildə rekord həddə çatıb. Daha dəqiq desək ötən il nağdsız ödənişlərin 84,32 faizini elektron ticarət vasitəsilə aparılan əməliyyatlar tutub və həcmi 66,5 milyard manatı ötüb.

Aşağıdakı cədvəldən də görünür ki, 2020-2024-cü illərdə nağdsız əməliyyatlarda elektron ticarətin payı 60 faizin üzərindədir və bu göstərici hər il artır.

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin sonunda Azərbaycanda istifadədə 19 898 735, Gürcüstanda 9 552 623 bank kartı qeydə alınıb. Bu iki ölkə ilə müqayisədə Ermənistanda istifadədə olan bank kartların sayı ilə bağlı göstəricilər 2024-cü ilin sentyabr ayını ehtiva edir və həmin dövrdə sözügedən ölkədə 3 milyon 963 min 625 ədəd aktiv bank kartı olub.

Son məlumatlar əsasında aparılan hesablamaya görə, Azərbaycanda adambaşına düşən kart sayı 1.9, Gürcüstanda 2,6, Ermənistanda isə 1,3-ə bərabərdir.

Seçilən
10
5
adalet.az

6Mənbələr