AZ

USAID-dən humanitar və demokratik inkişafa “dəstək”: Qarayaxma kampaniyalarının icrasında maliyyə mexanizmlərinin rolu - Vüqar Rəhimzadə

Dünyada xaos, anarxiya yaratmaq, müstəqil siyasət həyata keçirən dövlətlərin daxili işlərinə qarışmaq, ayrı-ayrı ölkələrdə vətəndaş qarşıdurmasına rəvac vermək kimi çirkin funksiyalar həyata keçirən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ifşası prosesi davam edir. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu üzdəniraq təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. ABŞ Prezidenti Donald Tramp isə USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib. Məlum olub ki, ABŞ-nin bütün xarici yardımlarının yarısından çoxu bu agentlik tərəfindən ödənilib.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Millət vəkili bildirib ki, indi isə USAID-in böyük maliyyə vəsaitləri ayıraraq "humanitar yardım" və "demokratik inkişafa dəstək" adı altında həyata keçirdiyi "layihələr"in bir çox qaranlıq məqamları üzə çıxır:

Ağ Evin USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi biabırçı layihələr haqqında yaydığı məlumat bu üzdəniraq təşkilatın müstəqil siyasət yürüdən dövlətlərə qarşı necə qarayaxma kampaniyaları həyata keçirdiyinə işıq salır.

Həmin məlumatdan aydın olur ki, təşkilat Əfqanıstanda narkotik istehsalında daha çox istifadə olunan irriqasiya kanallarının yaradılması və gübrənin alınması, "Əl-Qaidə" terror təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komikslərin, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığı ilə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Araşdırmalar göstərir ki, USAID 707 media, 6200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib.

Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin, İkinci Qarabağ müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyaların arxasında artıq əsl siması ifşa olunan USAID dayanıb.

Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında hər zaman çirkin məqsədlər dayanıb. Bu təşkilatın ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri tam müstəqil siyasət həyata keçirən, heç kimdən asılı olmayan, heç bir dövlətin daxili işinə qarışmayan və heç bir dövlətin ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyən Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, həyata keçirilən araşdırmalar nəticəsində illərdir, təhlükəli və dağıdıcı siyasət həyata keçirən USAID-lə bağlı hələ çox qaranlıq məqamların üzə çıxacağını ehtimal etmək olar.

"İndiyədək açıqlanan ifşaedici faktlara əsasən əminliklə söyləmək olar ki, artıq tarixin arxivinə atılan bədnam Bayden administrasiyası və bu üzdəniraq təşkilata Samanta Pauerin rəhbərliyi dövrü USAID-in fəaliyyət tarixinin ən biabırçı mərhələsidir. Yeri gəlmişkən, bir məqamı da xüsusilə qeyd etmək vacibdir. Prezident İlham Əliyev hələ ötən ilin dekabrında rusiyalı telejurnalist, Dmitri Kiselyova müsahibəsində qeyd etmişdi ki, Donald Tramp USAID-i qadağan edə bilər. Birmənalı şəkildə demək olar ki, dövlətimizin başçısının USAID kimi bədnam təşkilatla bağlı böyük uzaqgörənliklə söylədiyi fikirlər bu gün öz təsdiqini tapır", - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, Qərb dövlətləri, xüsusilə ABŞ uzun illərdir, müsəlman ölkələrində, dünyanın müxtəlif ölkələrində öz məqsədlərinə nail olmaq üçün bu cür metodlardan çox məharətlə və geniş formada istifadə edir:

"USAID kimi təşkilatların da əsas məqsədi öz ölkələrinin maraqlarını digər dövlətlərdə təmin etməkdir. Layihələndirilən məsələlər bir daha onu göstərir ki, burada çox böyük planlardan söhbət gedir. Və bu prosesdə, əsasən, mediadan istifadə edilir. 707 media, 6 200 jurnalist - burada Azərbaycandan da media quruluşları, jurnalistlər var - jurnalistika sahəsində çalışan 279 QHT maliyyələşdirilib. Həm "Eurovision" vaxtında, həm Laçın yolu aksiyasında, həm də COP29-da bu cür "dəstəy"i, ölkəmizə qarşı hücum, təxribatları hiss etdik. Əfqanıstandakı proseslər, hətta narkotik vasitələrinin dövriyyəsi də buraya aiddir. Bundan əlavə, "Əl-Qaidə"nin maliyyələşdirilməsi, İrlandiyada LGBT myuzikl, Misirdə turizmin maliyyələşməsini də misal göstərmək olar".

Ceyhun Məmmədov xatırladıb ki, Samanta Pauerin rəhbərlik etdiyi bu təşkilat son vaxtlar artıq ifşa olunur.

"Görün vəziyyət hansı yerdədir ki, ABŞ dövləti özü bu təşkilatı ifşa edir, onun fəaliyyəti ilə bağlı məlumatları yayır. Bu quruluşun əsas hədəf və məqsədi dünya ölkələrində, həmçinin, Azərbaycanda ABŞ-nin maraqlarını təmin etmək, müstəqil, azad siyasət yeridən, inkişaf edən dövlətlərin tərəqqisinə mane olmaqdır", - deyə deputat fikrini yekunlaşdırıb.

Seçilən
0
1
day.az

2Mənbələr