AZ

Azərbaycan öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənətilə dünyada heyrət doğura bilib

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malikdir. Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Dövlətçilik tarixinə, ənənələrinə bağlı olan xalqımız o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olduğumuzu üzərində izlər qalmış abidələr də sübut edir.

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Ulu öndər Heydər Əliyev daim Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və ona sahib çıxmağa çağırırdı. O deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərən mühüm amillərdəndir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu səbəbdəndir ki, xalqımız milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə, mədəniyyətinə, tarixinə bağlılığı sayəsində özünəməxsusluğunu qoruya bilib. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.

Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.

Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır. “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, deyə bildirən ümummilli lider Heydər Əliyev adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirirdi. 

Adət-ənənələr həm də insan münasibətlərinin tənzimləyici və istiqamətverici funksiyasını yerinə yetirərək güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır.  Dahi şəxsiyyət məsələyə bu yönümdən yanaşaraq deyib: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mədəni irsinə, mənəvi dəyərlər sisteminə hər zaman qayğı ilə, hörmətlə yanaşması heç də təsadüfi sayılmır. Xalqımıza məxsus olan dəyərləri, ənənələri, mədəniyyəti, hətta tarixi əraziləri, torpaqlarımızı belə mənimsəmək, özününküləşdirmək arzusunda olan hayların bəd niyyətlərinin fonunda dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, mədəniyyətimizin, elmimizin təbliğinin nə dərəcədə vacib olduğu özünü göstərir. Bizə məxsus olanların qorunmasının, mühafizə edilməsinin, təbliğinin bu gün daha vacib olduğu təkzib edilə bilməz. Xüsusən də ərazilərimizə göz dikən, Azərbaycana, xalqımıza məxsus olanı ələ keçirməyə can atan hayların yalanlarının, uydurma iddialarının ifşa edilməsi üçün bu gün biz öz tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi daha dərindən öyrənməli, daha geniş şəkildə, həmişəkindən daha çox təbliğ etməliyik. Ənənələrimizə, mədəniyyətimizə, musiqimizə, hətta mətbəximizə, milli xörəklərimizə belə sahib çıxmaq istəyən hayların arzularının ürəklərində qalması üçün dövlətçilik tariximizin, ənənələrimizin təbliği qaçılmaz dərəcədə vacibdir.

Mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Ulu Öndərin irsindən bəhrələnərək Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu istiqamətdə apardıqları siyasət təqdirəlayiqdir.

Dünyaya inteqrasiya olunduğumuz bir zamanda ölkəmiz öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrətləndirməyi bacarıb. Bu, əlbəttə ölkəmizin bu istiqamətdə zənginliyinin göstəricisidir. Təbii ki, heyrətamiz dəyərlərimizin əsasında bir çox faktorlar dayanır. Bunlar da tarixi köklərimizi, mədəniyyətimizi özündə əks etdirən faktorlardır.

Vətən müharibəsindən sonra yenidən ərazi bütövlüyünə qovuşan Azərbaycan illərlə düşmən əsarəti altında qalmış və məhv olunmuş tarixi abidələrin, mədəniyyət nümunələrinin, təhsil ocaqlarının bərpasına başladı. İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda quruculuq, yenidən bərpa işlərinə start verildi. İşğaldan azad olunmuş ərazilərin təmizlənməsiylə yanaşı, yeni orta və ali məktəblərin, yaşayış komplekslərinin, parkların, mədəniyyət mərkəzlərinin salınması, sıradan çıxmış abidələrimizin, məscidlərimizin yenidən qurulması illərdir davam edir. Prezident İlham Əliyevin 2022-ci il 6 dekabr tarixli sərəncamı ilə Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Köçürülən yüzlərlə əhali artıq doğma torpaqlarında öz milli bayramlarını qeyd edir.

Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə Azərbaycanı layiqincə təmsil edir, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşır, elm, təhsil sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görür. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.

Qürurla deyə bilərik ki, Azərbaycan öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənətilə dünyada heyrət doğura bilib. Eyni zamanda Azərbaycanın qalib ölkə, həmçinin regionda lider ölkə kimi tanınması və qəbul edilməsi, dəyərlərimizə hörmətlə yanaşılması da məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin geniş təbliğ olunması sayəsindədir. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, əldə olunan müsbət nəticələr mühüm faktorlara əsaslanaraq öz təsdiqini tapır. Mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən bütün tədbirlər Azərbaycanı, xalqımızı, yaşadır.

 

Mikayıl HƏSƏNLİ

 

Seçilən
12
herbiand.az

1Mənbələr