AZ

"Sumqayıt" qol orucunda: Vaqif Cavadov nə etməlidir?

Ötən ilin oktyabr ayından müvəqqəti çalışdırıcı olan Vaqif Cavadov yanvardan etibarən "Sumqayıt"a baş məşqçi təyin edilib. "Gənclik şəhəri" təmsilçisi hazırda çətin günlər yaşayır. 

Vaqif Cavadovun uğursuz debütü

Cavadovun komandasının bu günə qədərki nəticələri heç də ürəkaçan deyil. Hücum xəttindəki bərbad performans, oyun quruculuğundakı xaos və taktiki qeyri-sabitlik klubun son matçlardakı əsas problemləridir.

"Gənclik şəhəri" təmsilçisi son 7 oyunda nəinki qalib gələ bilmir, hətta qol da vura bilmir. Uzun müddətdir qol vurulmaması hücumçuların zəif çıxışı və baş məşqçinin taktiki planlarının effekt verməməsi ilə əlaqələndirilir.

Azarkeşlər və futbol ekspertləri nə düşünür?

Komandanın bu qədər uzun müddət qol vura bilməməsi yerli futbol ictimaiyyətində tənqidlərə səbəb olub. Azarkeşlər sosial mediada Vaqif Cavadovun məşqçi kimi hələ yetərincə təcrübəyə malik olmadığını və bu post üçün doğru seçim olmadığını iddia edirlər.

Bəzi futbol mütəxəssisləri isə Cavadovun gənc məşqçi olduğunu nəzərə alaraq ona vaxt verilməsinin vacibliyini vurğulayırlar. Lakin statistik göstəricilər hər şeyi açıq şəkildə ifadə edir: 7 oyundur qol yoxdursa, deməli, ciddi problem var!

Cavadovun təzadlı açıqlamaları

Onu da qeyd edim ki, Cavadov "Sumqayıt"a gəldikdən sonra mətbuat konfranslarından birində oyunlarda nəticə əldə etməyin daha vacib olduğunu vurğulamışdı:

"Əgər nəticəyə oynamasam, gözəl futbol oynamağa çalışsam, 2 həftədən sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir” (bax). 

Amma ötən gün Misli Premyer Liqasının XII turunun "Şamaxı" - "Sumqayıt" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi mətbuat konfransında uzun müddətdir qol vura bilmədiklərini, lakin komandanın çox yaxşı oyun nümayiş etdirdiyini bildirmişdi (oxu). 

Bəs, nə oldu, Cavadov? Hardadır nəticəyə oynayan komanda? Nəticəyə oynayan komanda 7 turdur qol vura bilmir?

Abasovun komandası barədə iddialı danışmaq çox asan idi yəqin ki..

Vaqif Cavadov istefa verəcək?

Vaqif Cavadov və komandası üçün növbəti oyunlar həlledici olacaq. Əgər "Sumqayıt" qolsuz seriyanı davam etdirsə, bu, həm Cavadovun məşqçilik karyerasına ciddi zərbə vuracaq, həm də komandanın turnir cədvəlində daha da geriləməsinə səbəb olacaq.

Sumqayıtlılar turnir cədvəlində aşağı pilləyə düşərsə, baş məşqçinin komandada qalması gözlənilməz addım olar. Daha əvvəl mətbuata açıqlamasında Cavadov özü də bu barədə danışmışdı:

“İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram”. 

“Sumqayıt"ın növbəti oyunda bu uğursuz seriyaya son qoyub-qoymayacağını maraqla gözləyəcəm. Lakin mövcud vəziyyət onu göstərir ki, əgər təcili addımlar atılmasa, klub mövsümün ən uğursuz komandalarından birinə çevrilə bilər.

Nərmin Vüqarqızı

Millimiz İnkişaf Kubokunda iştirak edəcək

"Turan Tovuz" hakim idarəetməsindən narazıdır - VİDEO

"Qarabağ"dan "Ferentsvaroş"a - NÖVBƏTİ TRANSFER

"Adana Demirspor"un prezidenti istefa verdi

Dünya reytinqi: "Qarabağ" gerilədi, "Zirə"nin mövqeyi dəyişmədi

Seçilən
19
apasport.az

1Mənbələr