AZ

Bakıda kişi sevgilisinə xəsarət yetirdi

Bakının Pirallahı rayonunda 1979-cu il təvəllüdlü Natiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Lətifəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Pirallahı qəsəbəsində yеrləşən Pirallahı Ticarət Mərkəzinin yaxınlığında baş verib. 

Astara rayon sakini Natiq həmin yerdə yerləşən “Zeytun Aptek”in qarşısında ictimаi qаydаnı kоbud surətdə pоzаn hərəkətlər edərəк hеç bir əsаsılı səbəb оlmаdаn həmin yеrdə Lətifə ilə mübаhisə еdib.

Natiq yumruqlа qəsdən Lətifənin üz və bədən nahiyəsinə bir neçə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pirallahı rayonu ərazisində Lətifə adlı qadınla tanış olub: “Bir müddət keçdikdən sonra bizim münasibətlərimiz daha da səmimi olmağa başladı. Mən mütəmadi olaraq Lətifənin yaşadığı mənzilə gedib-gəldim. Məlum hadisə günü, səhər saatlarında Lətifə ilə telefon vasitəsi ilə əlaqə saxladım və işdən nə vaxt çıxacağını soruşdum. Lətifə öz cavabında mənə saat 9-da işdən çıxacağını bildirdi. Bundan sonra saat 16 radələrində yenidən Lətifəyə zəng etdim. Lətifə isə məni təhqir etməyə başladı və telefonu söndürdü. Mən yenidən Lətifəyə zəng vurdum. Lətifə isə məni təhqir etməyə başladı, onu narahat etməməyimi istədi və telefonu söndürdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 21 radələrində Lətifəyə SMS yazıb və nə işlə məşğul olduğunu soruşub: “Lətifə isə cavabında xəstəxanaya gedəcəyini bildirdi. Telefonda məni təhqir etdiyinə görə onu cəzalandırmaq qərarına gəldim və xəstəxananın yaxınlığında dayanaraq gözlədim. Bir neçə dəqiqə keçdikdən sonra Lətifənin xəstəxana istiqamətində gəldiyini gördüm. O, saat 22 radələrində xəstəxananın həyətindən çıxdı və evi istiqamətində hərəkətə başladı. Xəstəxananın yaxınlığında yerləşən aptekin yaxınlığında Lətifəyə yaxınlaşdım, nə üçün söyüş söydüyünü bildirdim. Lətifə isə məni söymədiyini bildirdi. Mən Lətifənin bu sözlərindən qəzəblənərək yumruqla onun üz nahiyyəsinə bir neçə zərbə endirdim. Zərbələrin təsirindən Lətifə yerə yıxıldı. Ayağa qalxdıqdan sonra  yenidən Lətifədən nə üçün məni söydüyünü soruşdum. Lətifə isə and içərək məni söymədiyini bildirdi və yalvararaq onu döyməməyimi istədi. Mən isə yenidən əlim ilə Lətifənin baş nahiyəsinə zərbə endirdim. Sоnrа о, оrаdаn uzаqlаşdım və yaşadığım evinə getdim”. 

Natiqin ifadəsinə görə, gecəyarısı siqaret almaq üçün çölə  çıxıb, həmin vaxt telefonuna zəng gəlib: “Polis əməkdaşı harada olduğumu soruşdu. Mən isə işıq idarəsinin yanında olduğumu bildirdim. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları yaxınlaşaraq məni Pirallahı rayon polis idarəsinə dəvət etdilər”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, təxminən 4 ilə yaxındır Natiqi tanıyır, aralarında yaxın münasibət olub: “Məlum hadisə günü, saat 21 radələrində işlədiyim iş yerinin  yaxınlığında yerləşən aptekdən dərman almaq üçün yaşadığım evdən çıxaraq getdim. Aptekin yaxınlığına çatan zaman aptekin bağlı olduğunu gördüm və geri qayıtmaq istədikdə Natiqin məni güddüyünü gördüm. Natiqin mənə nə isə etməsindən qorxaraq orada olan dövlət qurumlarından birinin həyətinə girdim. Orada ağacın altında bir saat gözlədikdən sonra ətrafa nəzər saldım. Həmin vaxt Natiqi görmədim və getdiyini düşündüm. Yaşadığım evə getmək üçün hərəkətə başladım.

Xəstəxananın yaxınlığında ağaclığın arasında olan aptekin qarşısında Natiq mənə yaxınlaşaraq qolumdan tutdu və aptekin yan tərəfinə doğru çəkdi. Daha sonra əli ilə baş nahiyyəmə bir neçə zərbə endirdi. Natiq məni buraxması üçün nə qədər yalvarsam da, mənim yalvarışlarıma məhəl qoymadı və yenidən bir neçə dəfə əli ilə baş nahiyyəmə bir neçə dəfə zərbə endirdi. Mən zərbələrin təsirindən yerə yıxıldım. Bundan sonra bir təhər özümdə güc taparaq ayağa qalxdım və Pirallahı rayon polis idarəsinə gedərək hadisə barədə məlumat verdim”. 

Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq 7 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı Astara rayonun kəndində yerləşən evini axşam saat 22:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
22
demokrat.az

1Mənbələr