AZ

Anar Allahverdiyev: “Kişilərdən fərqli, qadınlarda gənclər gözləntiləri doğrultmadılar”

“Hazırda vəziyyət belədir ki, təcrübəli oyunçular yarımfinaldadır”.

Bunu İdman.biz-ə şahmat üzrə əməkdar məşqçi Anar Allahverdiyev deyib.

O, şahmat üzrə Azərbaycan çempionatının gedişatını şərh edib: “Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov kimi şahmatçılar əvvəlcədən də favorit hesab olunurdu. Çempionatın gedişatı da bunu təsdiqlədi. Onlar artıq yarımfinaldadır. Gənc şahmatçılardan Aydın Süleymanlı, Məhəmməd Muradlı və Əhməd Əhmədzadəni yarımfinalda görmək yaxşı olardı. Ancaq hamısı 1/4 finalda məğlub oldular. Hər biri gərgin mübarizə şəraitində çox yaxşı oyun nümayiş etdirdilər. Şəxsən mən gənclərdən narazı deyiləm”.

Əməkdar məşqçinin sözlərinə görə, şahmatçıların performansı dəyərləndirilərkən, format da nəzərə alınmalıdır: “Əvvəllər Azərbaycan çempionatı İsveçrə sistemi üzrə keçirilirdi. Doqquz turda şahmatçı uduzsa belə öz səviyyəsini nümayiş etdirə bilərdi. Olimpiya sistemində isə şahmatçıların bu şansı yoxdur. Bir dəfə uduzdunsa, sənin üçün çempionat bitir. Bu formatın müsbət cəhətləri çoxdur. Xüsusilə də azarkeşlər üçün. Çünki bəzən doqquz tur izləmək onlara çətin olur. Bu formatda isə iki oyun ərzində hər şey ola bilər. Bəzən uğurlu, yaxud da uğursuz bir gediş çempionatda qalıb-qalmayacağını müəyyənləşdirir. Ona görə də çempionatla erkən vidalaşanları zəif hesab etmək olmaz. Məsələn, Nicat Abbaslı, Vasif Duraybəyli kimi şahmatçılarımızı buna nümunə göstərə bilərik. Ola bilər ki, onlar İsveç sistemində oynasaydılar, bir oyun uduzub, digər səkkiz oyunu udardılar. Bəlkə də, turnirə hazırlıqları kifayət qədər olmayıb. İstənilən halda, kiminsə turniri erkən tərk etməsi onun zəif olmasına dəlalət eləmir”.

Allahverdiyev qadınların yarışında gənclərin gözləntiləri doğrultmadığını vurğulayıb: “Əmsala görə kimlərdən yaxşı nəticə gözlənilirdisə, o cür də oldu. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva kimi güclü şahmatçılarımız hazırda yarımfinaldadır. Bununla da yığmanın üzvləri öz yüksək ustalığını nümayiş etdirmiş oldular. Halbuki bu çempionatda gənc şahmatçılarımızdan müəyyən performans gözləyirdik. Kişilərin yarışında bu müşahidə olunmasa da, qadınlarda gənc şahmatçılarımız gözləntiləri doğrultmadılar. Əksinə daha bir təcrübəli şahmatçımız Səbinə İbrahimova çox yaxşı oyun nümayiş etdirdi. O, uzun müddətdir oynamasa da, dönüşü heç də pis olmadı”.

Qeyd edək ki, Azərbaycan çempionatı fevralın 15-dək davam edəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr