AZ

Təyyarəmizin vurulması ilə bağlı məsələdə üçüncü qüvvə – Kremlə xüsusi çağırış olacaq?

Ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında yaranan gərginlik davam edir.

Kremlin məsələ ilə bağlı səhvi boynuna alıb Bakının tələblərini yerinə yetirmək əvəzinə məsuliyyətdən yayınmağa çalışması gərginliyi daha da artırır. Həmçinin mövcud vəziyyətdə bəzi Rusiya rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da ictimaiyyətdə narazılıqla qarşılanıb.

Bu məqamda Çinin səssiz qalması və mövzuya heç bir münasibət bildirməməsi diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, Pekin Moskva və Bakı ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq, təyyarə qəzası ilə bağlı məsələdə mövqe ortaya qoymaqda maraqlı deyil. Bir sıra iddialara görə isə Çin lideri hadisə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparıb, lakin detallar açıqlanmayıb.

Pekin niyə səssizliyini qoruyur? Çin Rusiya ilə Azərbaycan arasında gərginliyin azalması üçün hərəkətə keçə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Çin Rusiya ilə strateji tərəfdaşdır:

“Pekin Moskvanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməsə də, onun narahatlığına səbəb ola biləcək siyasət yürütmür. Halbuki Rusiya-Ukrayna müharibəsi Çin üçün də lazımsız problemlər yaradıb. ABŞ və Avropa İttifaqı (Aİ) rəsmiləri Pekini Moskvaya təsir etməməkdə günahlandırır, əksinə Rusiyanın müharibəni davam etdirə bilməsi üçün bu ölkəyə zəruri avadanlıqlar satdığını bildirirlər. Bu isə Çinin müxtəlif dövlətlərlə ticarətinə mənfi təsir göstərir. Lakin Pekin hər şeyə rəğmən Kreml ilə strateji tərəfdaşlıqdan imtina etmir və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində izləyici mövqedədir.

Pekin bir müddət əvvəl müharibənin dayandırılması məqsədilə plan hazırlamışdı. Həmin planı Kiyev qəbul etmədi. Çünki plana görə, Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməli olduğuvurğulanmır, bu isə Pekinin Ukraynanın ərazi bütövlüyünü pozulması ilə razılaşması deməkdir. Eyni səbəbdən Pekinin Azərbaycan-Rusiya münasibətlərində hansısa rol oynayacağını zənn etmirəm”.


Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, əslində bu gərginlik Çinin maraqlarına ziddir, Pekin Moskvanın strateji tərəfdaşı olsa da, Bakı ilə də normal münasibətləri var:

“Nəticə olaraq Çin Orta Dəhliz layihəsinin reallaşması və bu zaman bölgədə sabitliyin yaranmasında maraqlı olmalıdır. Amma Pekinin Kremlə təsir göstərərək Bakı ilə münasibətləri normallaşdırmaya yönəlik çağırış edəcəyini proqnozlaşdırmıram. Günah Rusiyadadır, Azərbaycanın sərnişin təyyarəsi raketlə vurulub, vətəndaşlarımız həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin haqlı tələbləri var. Kreml bu tələbləri yerinə yetirmək istəmir. Belə vəziyyətdə iki ölkə arasında gərginliyin yekunlaşmasını gözləmək çətindir”.

Seçilən
9
turkustan.az

1Mənbələr