AZ

Repetitorluğa tələbat niyə artıb? - REPORTAJ

Repetitorluq mövzusu bu gün təhsilimizdə ən çox danışılan sahələrdəndir. Həmişə də sual o qədər sərt qoyulur ki, hansısa həllə nail olmaq mümkün olmur. Əslində, repetitorluq deyəndə bizim cəmiyyətdə ən çox 9,10,11-ci siniflərin universitetlərə məktəbdənkənar hazırlıq prosesi assosiasiya olunur.

Etiraf edək ki, cəmiyyət bunu normal qəbul edib, uyğunlaşıb, belə də olmalı imiş kimi düşünür. Lakin məktəbdənkənar dərslərin nəinki 9,10,11-ci siniflərdə, hətta məktəbəqədər hazırlığına qədər enməsi cəmiyyətimizdə məktəbdənkənar repetitor məktəblərinin ciddi şəkildə fəaliyyət göstərməsinə gətirib çıxarır.

Test tipli tapşırıqlarla ölçmə-dəyərləndirmə mexanizmi qurulandan sonra abituriyentlər 1992-ci idən xüsusi hazırlıqlara yön aldı. Niyəsi odur ki, təhsilin məzmunu, dərsliklər, tapşırıqlar, tamam başqa formatda, sonda yoxlama başqa formatda oldu. Yəni sovet dövrünün təfəkkür məktəbini oxuyan şagirdlər birdən-birə yaddaş məktəbinin tələbləri ilə imtahan edildilər. Məktəbdə keçirilən dərslər və öyrədilən metodlarla qəbul imtahanına düşən sual formatları fərqli oldu, bütün müəllimlər də bu prosesə ayaq uydura bilmirdi. Əslində repetitorluğa tələbatın artmasının bir neçə səbəbi var. SİA orta təhsil məktəblərində valideyn və şagirdlərin mövzu üzrə fikirlərini öyrənib.

Valideyn Əliabbas Eyvazov: "Uşaq 4-cü sinifdə təhsil alır, məşğələyə qoymuşam. Məncə, ehtiyac var, əlavə öyrənir. Azərbaycan dili və riyaziyyat fənlərindən hazırlıqla məşğuldur. Aşağı siniflərdə o qədər vacib deyil, amma yuxarı siniflərdə ali məktəblərdə universitetə imtahanlara düşən suallar dərsliklərlə üst-üstə düşmür. Repetitor xüsusi hazırlaşdırır, o bilir ki, imtahana hansı suallar düşəcək. Nəvəmə riyaziyyatdan 4-5 əlavə kitablar alırıq. Orta məktəbdə bir ədəd dərslikdən dərs keçirlər. Amma imtahan düşəndə bir neçə kitabdan düşür. Orta məktəbdə keçirilən sualların heç biri düşmür. Ona görə ki, sualları hazırlayan müəllimlər orta məktəbdə dərs keçən müəllimlər deyil. Alimlər, professorlardır, sualı hazırlayanda uşağı fikirləşmirlər. Dərsliklər də çətindir, uşağı çox yükləyirlər. Uşaq tam hazırlaşa bilmir. Ona görə də, məcbur oluruq ki, repetitor yanına göndərək, hazırlaşıb lazımi nəticəni ala bilsin".

Şagird Nihad Tanrıverdiyev: "Səkkizinci sinifdə təhsil alıram. Hazırlığa riyaziyyat, fizika, kimya, ingilis dili, rus dili fənlərindən gedirəm. Məktəbdə də həmin fənləri keçirəm. Təzəlikcə liseyə hazırlaşmaq fikrim var. Ona görə bir az özümü gücləndirmək istəyirəm. İmtahanı yaxşı verib keçmək üçün hazırlaşıram. Məncə, hazırlığa ehtiyac var. Onun üçün də, hazırlıq keçmək, fikrimcə, yaxşıdır".

Şagird Ayxan Abbaslı: 6-cı sinifdə təhsil alıram. İndi Rus dili fənnindən hazırlaşıram. İkinci sinifdən məktəbdənkənar hazırlıq keçirən. Amma digər fənlərdən hələ ki, ehtiyacım yoxdur. Gələcəkdə, yəqin ki, gedəcəyəm. Hazırlıqda adam daha yaxşı öyrənə bilir, fərdi olduğu üçün daha yaxşı yadımda qalır".

Şagird İlham Məlikzadə: "10-cu sinifdə təhsil alıram. Hazırlığa gedirəm. Əsas beş fəndən hazırlaşıram. Gələcəyi yaxşı qurmaq üçün hazırlığa getməliyik. Məktəbdə də həmin fənləri keçirik. Sadəcə hazırlıqda dərsləri daha yaxşı keçirlər. Çünki məktəbdə 20 şagird var, amma hazırlıqda 1 şagird. Fərdi keçmək daha yaxşıdır. İkinci qrupa hazırlaşıram".

Valideyn Günay İsayeva: "Dərslər məktəbdə yaxşı keçilsəydi, hazırlığa getməyə ehtiyac olmazdı. Mən hələ ki, göndərmək istəmirəm, uşaq kiçikdir. Göndərsəm, 9-cu sinifdən göndərərəm. Daha çox məcbur olduğum üçün göndərəcəm. Fərdi dərs yaxşıdır. Ona görə, göndərməyi düşünürəm".

Valideyn Şəhanə Səfərova: "Mənim uşağım dördüncü sinifdir. Bəzən ibtidai sinifləri də göndərirlər. Məncə, buna səbəb tənbəllikdir, savadsızlıqdır. Uşağa dərs öyrətmək üçün hövsələ lazımdır. Mən inanmıram ki, uşağımı 9-cu sinifdən hazırlığa göndərim. Bəlkə, 11-ci sinifdə hansısa qeyri-adi fənni bilməsə, o zaman göndərərəm. Fizika, kimya kimi fənlərdən daha yaxşı öyrənsin, deyə olar. Uşaq məktəbə gəlirsə, dərsini dinləyirsə, evdə də valideyn öyrədirsə, bəs edir".

Repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür.

Müəllif: Söylü Ağazadə
Seçilən
15
sia.az

1Mənbələr