"Avropa Şurasının ölkəmiz əleyhinə qərəzli münasibəti uzun müddətdir ki, özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində öz torpaqlarını işğaldan azad etməsi belə görünür ki, AŞPA-dakı bəzi dairələri narahat edir: "Onlar Azərbaycanın gücünə, qüdrətinə inanmırdılar, düşündülər ki, işğal prosesi davam edəcək. Burada öz maraqlarını təmin edəcəklər. Azərbaycan öz güclü liderinin və əzmkar xalqın iradəsi sayəsində torpaqlarını işğaldan azad etdi. AŞPA müstəvisində ölkəmiz əleyhinə hücumlar təşkil olunmaqdadır. AŞPA-da ölkəmiz əleyhinə qaldırılan təşəbbüslərə cavab olaraq bizim orada nümayəndə heyəti öz fəaliyyətini dayandırdı. Bu da doğrudur. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti milli maraqlarını qorudu. Bu qərəzli münasibəti qəbul etmədi. Azərbaycan nümayəndə heyəti fəaliyyətini dondurduqdan sonra bizim orada iştirakımız olmadıqda belə bir sıra ölkəmiz əleyhinə fikirləri eşidirdik. Bu da ikili standartların, qərəzli münasibətin daha geniş yayılmış formasını əhatə edir.
Bu cür təşkilatlar arasında yer alan AŞPA hər zaman Azərbaycana qarşı qərəzli və ikili standartların bariz nümunəsi sayılan addımları ilə diqqət çəkib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir. Ona görə də, AŞPA-dakı nümayəndə heyəti adıçəkilən qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yayılan bəyanat isə konkret və ciddi arqumentlərlə dolu olan bir yanaşmanı özündə əks etdirir. Bu qərar eyni zamanda Azərbaycanın milli maraqlarının vacibliyini ön plana çıxarır. Çünki biz işğala məruz qalan, bir milyon qaçqın və məcburi köçkünü olan, əraziləri dağıdılan, barbarlıqla üzləşən dövlətik".